ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Gününün 105-ci ildönümünə həsr edilmiş rəsmi qəbul və ziyafət təşkil olunub.
"Report"un ABŞ bürosu xəbər verir ki, gecədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson, müdafiə katibinin Avrasiya, Rusiya və Ukrayna məsələləri üzrə köməkçisinin müavini Laura Kuper və Oklahoma Milli Qvardiyasının qərargah rəisi briqadir general Kolbi Vatt, həmçinin 30-a yaxın ölkənin səfirləri, çoxsaylı hərbi attaşelər, yəhudi təşkilatlarının və müxtəlif tədqiqat mərkəzlərinin rəhbərləri və nümayəndələri, o cümlədən ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi ölkəmizin hazırkı qlobal səciyyəli vəziyyətinə gəlib çıxmasında müstəsna rolunu xüsusilə vurğulayıb. Eyni zamanda, Ulu Öndərin Azərbaycan-ABŞ münasibətlərinin qurulması və inkişafına verdiyi əvəzsiz töhfələr qeyd edilərək, ölkələrimiz arasında strateji tərəfdaşlığın və əməkdaşlığın müxtəlif istiqamətlərindən bəhs edilib və Azərbaycan-ABŞ əməkdaşlığının daha da inkişaf edəcəyinə ümidvar olunduğu bildirilib. Daha sonra ABŞ-ın Oklahoma ştatı ilə tərəfdaşlığın qurulmasının 21 illik tarixindən danışılıb və bu tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.
Səfir qeyd edilənlərlə yanaşı, Azərbaycanın enerji və bağlantılar sahələrində hazırda apardığı siyasət, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu, qlobal iqlim dəyişikliyindən irəli gələn çağırışlar fonunda alternativ enerji mənbələrinə keçid istiqamətində gördüyü işlər və təşəbbüskarı olduğu qlobal miqyaslı layihələr barədə danışıb.
X.İbrahim Azərbaycanın xüsusi tarixlərinin qeyd edildiyini bu gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropanın gələcəyi ilə bağlı müzakirələrin aparıldığı Moldovanın paytaxtı Kişineuda keçirilməkdə olan "Avropa siyasi birliyi"nin 2-ci Zirvə toplantısında iştirak etdiyini diqqətə çatdırıb.
Hər iki Qarabağ müharibəsinin iştirakçısı olan Azərbaycanın ABŞ-dakı hərbi attaşesi Rüstəm Gözəlov Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixindən bəhs edərək, Müzəffər Ali Baş Komandanın xüsusi diqqəti və səyləri nəticəsinsə silahlı qüvvələrimizin bugünkü müasir və güclü vəziyyətinə gəldiyini və 44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edildiyini xüsusilə qeyd edib.
Tədbirdə iştirak edən yüksək vəzifəli ABŞ rəsmiləri hər iki əlamətdar hadisə münasibətilə Azərbaycanı təbrik edib, hal-hazırda ölkəmizlə ABŞ arasında həyata keçirilən müdafiə və təhlükəsizlik, transmilli təhdidlərə qarşı mübarizə, sərhəd təhlükəsizliyi, enerji təhlükəsizliyi və terrorçuluqla mübarizə kimi mühüm istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar. Bölgəmizdə sülh və əmin-amanlığın təmin edilməsində ölkələrimiz arasında strateji tərəfdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib.
Çıxışlardan sonra Vaşinqton şəhərinin meri Muriel Bauzer tərəfindən 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə imzalanmış bəyannamə mətni qonaqlarən diqqətinə çatdırılıb.
Mərasimdə ölkəmizin Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Gecədə ABŞ-da yaşayan həmvətənimiz Məryəm Nəcəfzadə "Sarı Gəlin" və "Koroğlu" operasından musiqi əsasında milli rəqslərimizi ifa edib.
Tədbirdə qonaqlara Azərbaycan milli mətbəxinin təamlarından ibarət ziyafət verilib.