USAID: "Əsas prioritetlərimizdən biri 30 il sonra doğma evlərinə qayıdanlara dəstək verməkdir"

USAID: "Əsas prioritetlərimizdən biri 30 il sonra doğma evlərinə qayıdanlara dəstək verməkdir" ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Cey Sinqxin ölkəmizdəki missiyası başa çatır.
Xarici siyasət
13 İyul , 2022 11:43
USAID: Əsas prioritetlərimizdən biri 30 il sonra doğma evlərinə qayıdanlara dəstək verməkdir

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Cey Sinqxin ölkəmizdəki missiyası başa çatır.

“Report” Cey Sinqx ilə eksklüziv müsahibəni təqdim edir. O, müsahibədə Azərbaycandakı fəaliyyətinin nəticələri barədə danışır:

- Siz 2018-ci ildən USAID-in Azərbaycan üzrə missiyasının direktoru vəzifəsində çalışırsınız. Bu müddət ərzində USAID hansı məqsədlərə nail olub?

- Mən Azərbaycan üzrə ən uzun müddət xidmət edən missiyanın direktoru oldum. Buradakı missiyama və Azərbaycan ilə münasibətlərimizin son dərəcə əhəmiyyətli olduğuna inanıram. Azərbaycandakı 4 illik fəaliyyətim xarici siyasətə, tərəfdaşlığımıza, Azərbaycan hökuməti və xalqı ilə dostluğumuza böyük töhfə verdi.

Burada böyük işlər gördük. 2018-ci ildə bura gələrkən hökumət ilə münasibətlərimiz bir qədər gərgin idi. Hökumətlə işləmək və USAID-in fəaliyyətini aydınlaşdırmaq üçün aktiv diplomatik əlaqələr qurmağa başladım. Bu, bir çox qapıları üzümüzə açdı, çünki mənim Azərbaycan hökumətinə təklif etdiyim proqramların şəffaflıq və hesabatlılıq səviyyəsi razılıqla qarşılandı.

2018-ci ildən hökumətlə əməkdaşlıq çərçivəsində böyük işlər gördük. Məsələ onda deyil ki, Azərbaycanın bizim resurslara ehtiyacı var, məsələ bizim, agentlik olaraq Azərbaycanda demokratik idarəetməyə necə töhfə verə biləcəyimizdir. Azərbaycan hələ gənc ölkədir və mən hökumətin iqtisadiyyatın şaxələndirilməsi və sahibkar qadınlarla iş üzrə planlarına inanıram. Hiss edirdim ki, vaxtımızı və resurslarımızı məhz buna sərf etməliyik. ABŞ vətəndaşları olaraq hesab edirik ki, iqtisaadiyyatın şaxələndirilməsi, qadın sahibkarların hüquq və imkanlarının genişləndirilməsi, habelə onlara rəhbər vəzifələrin etibar edilməsi zəruridir. Biz buna çox inanırıq.

2018-ci ildən sonra çox şeydən keçdik. Məsələn, biz COVID-19-dan keçdik, bu müddət ərzində mən Azərbaycanın səylərinə dəstək olmaq üçün hökumətimizdən resurslar ala bildim. Habelə hamımız üçün oyun qaydalarını dəyişən müharibənin şahidi olduq. Şadıq ki, Azərbaycan öz ərazilərini geri qaytara bildi. Bu da bizim həyatımızı daha maraqlı edir, çünki yeni investisiya sahələri meydana gəlir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətini, UNICEF-i, Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) dəstəklədik, Səhiyyə Nazirliyi ilə birgə güclü səhiyyə proqramını işə saldıq. Səhiyyə Nazirliyində, Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBIA), Kənd Təsərrüfatı Nazirliyində (KTN) və digər qurumlarda bir neçə çox yaxşı tərəfdaşlarımız var. Son 4 il ərzində çox işlər gördük, həmçinin əməkdaşlarımızın Azərbaycandakı sayını artırdıq.

Burada keçirdiyim 4 il haqqında onu deyə bilərəm ki, Azərbaycan çox gözəl ölkədir, Azərbaycan yeməkləri isə inanılmaz dərəcədə dadlıdır. Turizm hökumət və xalq üçün çox böyük iqtisadi potensiala malikdir. Çox işlər görə bilərik. Qadınların inkişaf baxımından çox böyük potensiala malik olduğunu hiss edirəm.

Növbəti missiyama gəlincə, Ekologiya, Energetika və İnfrastruktur Mərkəzinin direktoru kimi fəaliyyət göstərəcəyəm. İqlim dəyişikliyi və bərpa olunan enerji mənbələri kimi məsələləri işıqlandıracağam. Ümid edirəm ki, Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı baxışlarını dəstəkləmək imkanım olacaq.

- USAID Azərbaycanda daha rəqabətədavamlı və münbit biznes mühitinin yaradılmasına töhfə verməkdə davam edir. Bu sahədə konkret hansı layihələr həyata keçirilir?

- İki ölkə arasında möhkəm iqtisadi tərəfdaşlıq qurulmalıdır. Bu, Azərbaycan üçün əlavə bazarlar deməkdir.

USAID olaraq fermerlərə dəstək veririk. Azərbaycanın ən gözəl xüsusiyyətlərindən biri fermerlərin əməksevərliyidir. Fındığın becərilməsinə investisiya yatırdıqda bu sahədə gəlirlərin artmasının şahidi olduq.

Bundan başqa, qadınlar üçün 4 Qadın Resurs Mərkəzləri yaratmışıq. Sahibkarlıq sahəsində dəstək olduğumuz 10 qadından 9-u nəinki COVID-19 zamanı uğur qazandı, həm də öz ailəsini gəlirlə təmin etdi.

2019-cu ildən etibarən həyata keçirilən “Özəl sektora dəstək” adlı çox böyük proqramımız var. Bu proqram çərçivəsində İqtisadiyyat Nazirliyi (İN) , KTN, AZPROMO, ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və digər qurum və təşkilatlarla əməkdaşlıq həyata keçirilir ki, bu da azərbaycanlı sahibkarların xarici bazarlara çıxmasını təmin edir. Əlavə imkanlar yaratmaq, təlimlərin keçirilməsi və insanların potensialının artırılması istiqamətdə böyük iş görülüb. Biz USAID, İN, KOBA, Dövlət Vergi Xidməti (DVX), FAO və digərlərinin əməkdaşlarından ibarət işçi qruplarının mütəmadi iclaslarını keçiririk. Bu iclaslar xarici ticarətlə bağlı maneələri aradan qaldırmağa imkan verir.

- USAID Azərbaycanın aqrar biznes sektorunda fəal iştirak edir. Sizə daha hansı sektorlar maraqlıdır?

- Turizm sahəsini nəzərdən keçiririk. Bilirsiniz, Azərbaycan çox gözəl ölkədir. Demək olar ki, ölkənin bütün regionlarında olmuşam. ABŞ kimi böyük ölkə olmasa da, mədəniyyət və yemək baxımından çox böyük müxtəlifliyə malikdir. Buranın turizm imkanları da genişdir. Beləliklə, turizmi investisiya variantlarından biri kimi nəzərdən keçiririk. Azərbaycana investisiya qoyuluşu bizim iqtisadiyyatımız üçün də əhəmiyyətlidir.

Beləliklə, bizə maraqlı olan digər sektorlar – turizm, informasiya texnologiyaları, potensialın artırılması, qadın sahibkarlığı və əlbəttə ki, təhsil mübadilə proqramlarıdır.

- USAID-in maliyyələşdirdiyi və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) həyata keçirdiyi kompüter siniflərinin təchizatı layihəsi çərçivəsində Astara Pedaqoji Kollecinə 21, Lənkəran Dövlət Universitetinə 17 kompüter təqdim edilib. Təhsil sahəsində digər bu cür layihələrin həyata keçirilməsi planlaşdırılırmı?

- Bu cür layihələrin daha çox olmasını arzu edirik, çünki bu cür layihələr sayəsində Azərbaycandan da çox şey öyrənə bilərik. Kompüter proqramlaşdırması, ali təhsil proqramları vasitəsilə bu mübadilə alətlərinə töhfələr ölkələrimiz arasında tərəfdaşlığı və əməkdaşlığı möhkəmləndirmək üçün çox yaxşı üsuldur.

İdeya mübadiləsi baxımından yaxşı imkanların olduğunu hiss edirik. Tələbələrimizin Azərbaycana səfər etməsini, eyni zamanda azərbaycanlı tələbələrin ABŞ-a gəlməsini istəyirik. Bu, bizə maneələri aradan qaldırmağın və daha rəqabətədavamlı olmağın yollarını göstərir.

“Oklahoma State University” (OSU) mübadilə proqramında iştirak edir. Bu proqram çərçivəsində tələbələr ABŞ-da pulsuz təhsil ala bilərlər. Digər təhsil sahələrində də bu cür mübadilə proqramlarının həyata keçirilməsini istəyirik. Kommunikasiya, turizm kimi sahələrdə proqramların olmasını, tibb bacısı işi və səhiyyə sahəsində birgə proqramların işlənib hazırlanmasını istərdik.

Bu cür tədbirlərin çox olmasını istərdik. Ümid edirəm ki, gələn il və növbəti illərdə Oklahomadan başqa digər ştatlarla da bu cür layihələr həyata keçiriləcək. Oklahoma bizim üçün əla tərəfdaş oldu.

- USAID Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına hər hansı töhfə verə bilərmi?

- Bizim Sosial İştiraka Dəstək adlı 5 illik proqramımız 15 milyon ABŞ dolları məbləğində maliyyələşməni nəzərdə tutur. Bu proqram azad edilmiş ərazilər üçün nəzərdə tutulub. Biz daha çox iş görmək istəyirik, lakin bu, hələ başlanğıcdır. Bizim əsas prioritetlərimizdən biri, təxminən, 30 il sonra öz evlərinə qayıdan məcburi köçkünlərə dəstək verməkdir. Bu qədər uzun müddət məcburi köçkün olmuş vətəndaşlara dəstək verilməsi yollarını tapmaq istəyirik.

Müharibədən (İkinci Qarabağ müharibəsindən) sonra Azərbaycan Cənubi Qafqazda ticarət və logistika habına çevrilib. Neft və qaz da daxil olmaqla malik olduğu resursları ilə Azərbaycan region üçün nümunəvi ölkəyə çevrilə bilər. Prezident regional iqtisadi inteqrasiya məsələsində əla baxışa malikdir və biz bu yanaşmanı dəstəkləmək üçün yollar tapmaq istərdik. Regional proqramlarda hökuməti dəstəkləməyə hazırıq. Azərbaycanı çox mühüm tərəfdaş və regionda təhlükəsizliyin dayağı hesab edirəm. Azərbaycanın oynadığı rol regionun təhlükəsizliyi və sabitliyi baxımından çox əhəmiyyətlidir.

Son xəbərlər

Orphus sistemi