Azərbaycanın Ukraynadakı ilk səfəri, görkəmli dövlət xadimi və yazıçı Yusif Vəzir Çəmənzəminlinin xatirəsi Ukraynada əbədiləşdirilib.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Ukraynanın ən nüfuzlu təhsil ocağı olan Taras Şevçenko adına Kiyev Milli Universitetində Azərbaycan-Ukrayna diplomatik münasibətlərinin bərpasının 30 illiyi münasibətilə 1918-ci ildə bu ölkədə ilk səfirimiz olmuş Y.V.Çəmənzəminlinin adına böyük auditoriyanın və barelyefinin açılışı olub.
Kiyev Milli Universitetində Çəmənzəminli adına auditoriya və barelyefin açılışı onun vaxtilə burada ali təhsil alması ilə əlaqədardır.
Azərbaycanın Ukraynadakı səfirliyi və universitet rəhbərliyinin birgə təşkilatçılığı ilə baş tutan açılışda fövqəladə və səlahiyyətli səfir Elmira Axundova, universitetin rektoru Volodimir Buqrov başda olmaqla bu ali təhsil ocağının kollektivi, Azərbaycanın sabiq xarici işlər naziri, fövqəladə səfir, Azərbaycanın Cümhuriyyət dövrünün araşdırmaçısı Vilayət Quliyev, Çəmənzəminlinin nəvəsi, Azərbaycan XİN-in şöbə rəisi Yusif Vəzirov, Ukrayna xarici işlər və mədəniyyət nazirlərinin müavinləri Mikola Toçitskiy və Rostislav Karandeev, Ali Radanın deputatları, səfirliyin əməkdaşları, Azərbaycan diasporunun və yerli elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Səfir Elmira Axundova bildirib ki, Çəmənzəminlinin adının Kiyevdə əbədiləşdirilməsi əvvəldən prioritet olub. “Biz xeyli fikirləşdik, sonda araşdırmaçı alim Vilayət Quliyevlə də məsləhətləşdikdən sonra onun adına auditoriyanın və barelyefin açılması təşəbbüsünü irəli sürdük. Çəmənzəminli burada təkcə diplomat kimi fəaliyyət göstərməyib, o, həmçinin ictimai və ədəbi fəaliyyəti ilə də Ukraynada fəal olub. Bu gün təqdimatını etdiyimiz “Studenti” kitabı onun bu fəaliyyətinin bariz nəticələrindəndir”, - deyə səfir əlavə edib. Elmira Axundova bu açılışların təsadüfi vaxtda olmadığını, Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrinin bərpasının 30 illiyi ərəfəsinə təsadüf etdiyini xatırladaraq, ötən müddətdə müstəqil ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından danışıb.
Universitetin rektoru V.Buqrov isə bildirib ki, Çəmənzəminli kimi tarixi şəxsiyyətin onların məzunu olması nə qədər şərəfdirsə, bugünkü barelyefin açılışı da o qədər qürurvericidir. O, universitetlərində barelyefin ilk dəfə açıldığını bildirib.
Ukrayna xarici işlər nazirinin müavini Mikola Toçitskiy isə Azərbaycan ilə Ukrayna arasında müstəqil tarixi əlaqələrin 100 il əvvələ gedib çıxmasını iki ölkə arasında dostluğun tarixiliyinin bariz nümunəsi olduğunu bildirib. O qeyd edib ki, fevralın 6-da 30 ili tamam olan Azərbaycan-Ukrayna diplomatik əlaqələrinin bərpası iki ölkə arasında münasibətlərin uğurlu tarixlərindəndir. Nazir müavini qeyd edib ki, ikitərəfli münasibətlər bu gün prezidentlər İlham Əliyev və Volodimir Zelenski tərəfindən olduqca dinamik və məhsuldar formada inkişaf etdirilir.
Azərbaycanın sabiq xarici işlər naziri Vilayət Quliyev çıxışında Çəmənzəminlinin fəaliyyətindən, Ukrayna tarixində onun rolundan bəhs edib.
Auditoriyada Azərbaycan atributları ilə yanaşı, Çəmənzəminliyə aid tarixi eksponatlar da yerləşdirilib.
Tanınmış yazıçının nəvəsi Yusif Vəzirov babasının yaşadığı günlərdən yadigar qalan və Bakıdan gətirdiyi kilim və armudu stəkanı da auditoriyaya təhvil verib.
Sonra universitetin akt zalında Çəmənzəminlinin “Stundeti” kitabının təqdimatı olub.
Qeyd edək ki, yanvarın 21-də Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru professor Vladimir Buqrov və Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu ali təhsil ocağında azərbaycanlı dövlət xadimi və yazıçı Yusif Vəzir Çəmənzəminli adına auditoriyanın yaradılmasına dair anlaşma memorandumu imzalayıblar.
Memoranduma əsasən, universitetin Hüquq fakültəsinin 243 saylı auditoriyasına Yusif Vəzir Çəmənzəminlinin adı verilib. Auditoriya səfirliyin maliyyə dəstəyi ilə təmir olunub.
Yusif Vəzir Çəmənzəminlinin arxivindən əlyazmaların, diplom və sənədlərin surətləri, şəkilləri auditoriyaya təqdim olunub. Auditoriyada, həmçinin müasir müstəqil Azərbaycana, ümummilli lider Heydər Əliyevə və Prezident İlham Əliyevə aid guşə də yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasının xəritələri, Qarabağ xalçası da auditoriyada yer alıb.
Auditoriyanın qarşısında qoyulan Yusif Vəzir Çəmənzəminlinin barelyefinin müəllifi isə Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədovdur.
Ukrayna alimləri, yazıçılar auditoriyanın və barelyefin açılışını, "Studentlər" romanının Ukrayna dilinə təecüməsini böyük tarixi və ictimai hadisə kimi qiymətləndiriblər.