Ukrayna Ali Radasının (parlament) Xarici siyasət və parlamentlərarası əlaqələr üzrə alt komitənin sədri, deputat Elizaveta Yaskonun “Report”un Şərqi Avropa bürosuna müsahibəsi.
- Ukrayna dövləti yeni xarici əməkdaşlıq strategiyası qəbul edib. Bu yenilik parlamentlərarası əlaqələrdə, o cümlədən Azərbaycanla əməkdaşlıqda özünü necə göstərəcək? Məsələn, parlamentdə müxtəlif sferalarda əməkdaşlıq ilə bağlı hansısa sənədin müzakirəsi mümkündürmü?
- Parlamentimiz artıq iki ildən çoxdur fəaliyyət göstərir. Komitə səviyyəsində parlamentlərarası fəaliyyətimizin prioritetləri ilə bağlı sənəd qəbul etmişik. Prioritetlərdən biri də ərazi bütövlüyümüzün müdafiəsi üzrə əlaqələrimizin dəstəklənməsi və inkişafı idi. Bu bizim üçün vacib məsələdir. Ona görə də bizim üçün bütün beynəlxalq platformalarda istər hər zaman bizi dəstəkləyənlərlə, istərsə də bu və ya digər səbəbdən dəstəyini açıq dilə gətirə bilməyənlərlə əlaqələri dəstəkləmək və inkişaf etdirmək vacibdir. Hər bir halda, səsvermələrdə, məsələn, Avropa Parlamentində, BMT-də keçirilən səsvermələrdə bizə dəstək verənlərin sayının çox olması bizim üçün vacibdir. Çünki bu, sülh məsələsidir, ərazi bütövlüyümüzlə bağlı məsələdir. Azərbaycana gəlincə, hər zaman ərazi bütövlüyü məsələsində dövlət səviyyəsində bir-birimizi açıq şəkildə, qarşılıqlı olaraq dəstəkləmişik.
- Bu yaxınlarda milli təhlükəsizlik strategiyası qəbul etmisiniz. Orada qeyd olunub ki, 5 ölkə - Türkiyə, Azərbaycan, Baltikyanı ölkələr, - Latviya, Litva və Estoniya Ukraynanın strateji tərəfdaşıdır. Bundan sonra Ukrayna parlamenti, məsələn, Azərbaycanla əlaqələri yeniləmək üçün hansısa qərar qəbul edə bilərmi?
- Bax, bugünlərdə Komitə səviyyəsində Türkiyə ilə müdafiə sahəsində əməkdaşlıqla bağlı razılaşmalardan birini nəzərdən keçirdik. Nəzəri cəhətdən analoji addımı Azərbaycanla münasibətlərdə də ata bilərik. Amma hazırda belə bir təşəbbüs bizə gəlməyib. Düşünürəm ki, Xarici İşlər Nazirliyi bu sahədə lazımi işləri görür. Eyni zamanda, qeyd etməliyəm ki, Azərbaycan ilə parlamentlərarası dostluq qrupumuz da fəaliyyət göstərir.
- Bəs Türkiyə ilə müdafiə sahəsində əməkdaşlıqla bağlı nəzərdən keçirdiyiniz razılaşma özündə nəyi ehtiva edir?
- Bu gün üçün Silahlı Qüvvələrimizin gücləndirilməsini, təcrübə mübadiləsini əhatə edir. Əlbəttə ki, Türkiyə bizim üçün bir çox məsələlərdə, məsələn, elə Krım məsələsində önəmlidir. Onlar hər zaman Krım tatarlarını müdafiə edirlər.
- Azərbaycan müxtəlif səviyyələrdə, o cümlədən parlament səviyyəsində, BMT Baş Assambleyasında Ukraynanın suverenliyini dəstəkləyir, onun ərazi bütövlüyünün pozulmasına qarşı çıxır. Ukrayna parlamentində azərbaycanlılara qarşı törədilmiş soyqırımı ilə əlaqədar edilmiş müraciətlərlə bağlı hansısa sənədin müzakirə olunmaq ehtimalı varmı? Məsələn, bu yaxınlarda Ali Radaya Xocalı soyqırımı ilə bağlı müraciət daxil olduğunu bilirik.
- Bilirəm ki, o faciəvi hadisənin 30 illiyi yaxınlaşır. Amma Komitədə konkret hansısa mətnin olduğunu görməmişik. Belə şey müzakirə olunacaqsa, ilk növbədə mətni görməliyəm. Bir daha qeyd edirəm ki, Ukraynanın mövqeyi Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə əsaslanır.
- Ümumiyyətlə, Xocalı soyqırımı haqqında məlumatınız varmı?
- Məlumatım var. Amma etiraf edim ki, bu, cəmiyyət olaraq Ukraynada elə də tez-tez müzakirə olunan məsələ deyil.
- Ali Radada Ukraynanın ərazi bütövlüyünü tanımayan ölkələrlə işçi qrupu fəaliyyət göstərir. Ukraynanın suverenliyini tanımayan ölkələrin parlamentləri ilə belə işçi qrupunun olması nə dərəcədə özünü doğruldur? Ali Rada, sizin Komitə Ukraynanın suverenliyini tanımayan ölkələrə qarşı hansısa müzakirəni aparıb qərar verəcəkmi?
- Bizim üçün ən yaralı məsələ Rusiyadır. Onların agentlərindən kimsə bizim parlamentin qondarma rejimlərin parlamentləri ilə əlaqələr qurmasının zəruriliyini bildirməsini qəbul etmirik, bu, bizim üçün qəbuledilməzidir. İkinci yaralı məsələ Belarusdur. Ötən il orada baş verən hadisələr, qeyri-demokratik mühitdə Rusiyanın çox böyük təsirinin olduğunu bilirik. Bütün bunların fonunda Ali Radada onlarla dostluq qrupunun olub-olmamasının müzakirəsi zamanı deputatlar buna ehtiyac olmadığı qənaətinə gəldi. Çünki əks təqdirdə elə çıxacaqdı ki, Belarusdakı seçimlərin nəticəsini tanıyırıq, biz isə bunu tanımırıq. Ermənistana gəlincə, səsvermə nəticələrini araşdırsaq, bir çox qətnamə üzrə Ermənistanın Rusiya ilə eyni formada səs verdiyini görərik. Amma onlarla açıq danışdıqda Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyi çox istədiklərini, amma müəyyən səbəblərdən bunu edə bilmədiklərini söyləyirlər. Onların mövqeyi bizim üçün anlaşılmazdır.
- Heç kim müəyyən səbəb olduğuna görə başqasının suverenliyinə qarşı səs verməməlidir. Bu, hamıya aiddir, təkcə Ermənistana yox. Məsələn, BMT Baş Assambleyasının son sessiyasında İtaliya da Ukraynanın suverenliyinə zidd səs verib. Onlar sizin suverenliyinizi tanımırlarsa, parlementdə işçi qrupuna, onlarla işləməyə nə ehtiyac var?
- Birincisi, parlamentlər səviyyəsində diplomatik əlaqələr yaradılır. İtaliya ilə əlaqələrimizin tarixçəsi var. Başa düşürük ki, İtaliya parlamentindəki bəzi siyasi xadimlər, təəssüf ki, Rusiyanı sevirlər. Təəssüf ki, əleyhimizə səs verən Avropa nümayəndələri də var. Məsələn, Avropa Şurasında daim ya neytral mövqe tutan, ya da Ukraynanı dəstəkləməyən müxtəlif siyasi qüvvələri təmsil edən deputatların olduğunu bilirik. Onlar ya Rusiya ilə dostluq etməyə, ya da neytrallığı qorumağa üstünlük verirlər.
- Ukrayna hazırda ciddi islahatlar mərhələsindədir. Xüsusilə maliyyə və hüquq-mühafizə orqanları sahəsində. Parlament bu prosesə necə və nə ilə yardım edə bilər?
- Hər zaman müxtəlif sfralarla bağlı vacib qərarlar qəbul etməyə hazırıq. Parlamentin yardımına gəlincə, biz demokratiyaya böyük önəm veririk. Bu səbəbdən deputatların toxunulmazlığını yığışdırdıq. Dijitallaşma sahəsində vacib qərarlar qəbul etdik. Dijitallaşma Nazirliyi hələ çox yenilikləri tətbiq edəcəyik. Hüquq-mühafizə orqanlarına gəlincə, bu yaxınlarda daxili işlər naziri dəyişikliyi olduğunu bilirsiniz. Yeni nazirə ümidimiz çox böyükdür. Onun korrupsiya, mütəşəkkil cinayətkarlıq ilə mübarizədə çox işlər görəcəyinə inanırıq. Amma hələ heç 100 gün keçməyib, yaşayıb görəcəyik.
- Ölkənizdə inqilandan sonra islahatların asta tempdə getdiyi deyilir. Sürətli gedişata nə, kim mane olur?
- Çünki heç də hamı islahat olmasını istəmir. Bizdə sistem bürokratiyası da var. Bəzən də siyasi iradənin lazımi qədər olmaması mane olur. Bir də korrupsiya Ukraynada böyük problem olaraq qalır.
- Deyirlər, Ukraynaya oliqarxiya mane olur. Məsələn, Mixeil Saakaşvili tez-tez bunu deyərdi. Belə problem varmı?
- Məncə, bizə bütün səviyyələrdə korrupsiyanın olması mane olur. Oliqarxlarda, cəmiyyətdə, kabinetlərdə korrupsiya var. Düşünmürəm ki, hər şey oliqarxiya ilə bağlıdır. O, yalnız çoxdan biridir.
- Ukrayna cəmiyyətində belə fikir var ki, Ali Radanın hazırkı heyəti uğurlu deyil, təsadüfi seçilən deputatlar var. Bu fikirlə razısınızmı?
- Məncə, parlament cəmiyyətin güzgüsüdür. Parlamentdə də yaxşı da var, pis də. Hamını ümumiləşdirmək olmaz. Çünki çox fəal çalışan deputatlar tanıyıram. Müəyyən şeylərin müzakirəyə çıxarılması üçün var qüvvələri ilə çalışırlar. Eyni zamanda nə üçün orada olduqlarını bilməyən adamlar da var, ya da bilirlər, sadəcə, müəyyən maraqları səbəbindən belə davranırlar. Zaman hər şeyi göstərəcək, cəmiyyət özü növbəti seçkilərdə indikilərə qiymət verəcək.
- Necə düşünürsünüz, islahatların getdiyi Ukraynada etnik azlıqların nümayəndələri bütün sahələri nəzərə almaqla nə dərəcədə fəaldırlar?
- İstərdim ki, daha fəal olsunlar.
- Daha fəal olmalarına nə mane olur?
- Bizdə regionlarda baş verənlərlə bağlı kommunikasiya aşağı səviyyədədir.