ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S.3000 qanun layihəsini təsdiqləyib və bununla da ölkəyə qarşı açıq-aşkar qeyri-dost addım atıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ Senatının saytında deyilir və həmin qanunun “Ermənistanın Müdafiə Aktı” da adlandırıla biləcəyi bildirilir.
Senator Petersin təşəbbüsü ilə hazırlanan qanun Azərbaycanla bağlı 907-ci düzəlişin qüvvəsini dayandırmamağı nəzərdə tutur.
Üstəlik, qanuna əsasən, ABŞ Prezidenti 2002-ci il Xarici Əməliyyatlar, İxracın Maliyyələşdirilməsi və Əlaqədar Proqramlar Aktının II Başlığına (İctimai Qanun 107-115) uyğun olaraq 2024 və ya 2025-ci maliyyə ili üçün ayırmalarla bağlı verilmiş ləğvetmə səlahiyyətindən istifadə edə bilməz.
Azadlığa Dəstək Aktına edilən 907-ci düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib.
907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidenti tərəfindən hər il dayandırılır.
Qərar qüvvəyə minməzdən əvvəl Nümayəndələr Palatası tərəfindən təsdiq edilməli və prezident tərəfindən imzalanmalıdır.