Özbəkistanda parlament seçkiləri ilə bağlı seçki kampaniyası tam sürətlə davam edir, 5 əsas siyasi partiya qanunverici palatada yer uğrunda mübarizə aparır.
"Report" xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Əşrəfxanov brifinqdə deyib.
"Seçkilərdə erkən səsvermə oktyabrın 16-da başlayacaq və oktyabrın 23-dək davam edəcək. Erkən səsvermə seçki günü, yəni oktyabrın 27-də səs verə bilməyəcək Özbəkistan vətəndaşları üçün nəzərdə tutulub. Onlar üçün Özbəkistanın xaricdəki diplomatik nümayəndəliklərində 56 seçki məntəqəsi fəaliyyət göstərəcək. Bakıda hər şey təşkil olunub, səfirin rəhbərlik etdiyi seçki komissiyası fəaliyyət göstərir”, - diplomat bildirib.
O əlavə edib ki, Azərbaycanda daimi yaşayan 325 özbək seçici səs vermək üçün qeydiyyatdan keçib.
Səfir vurğulayıb ki, qarşıdan gələn seçkilərdə Qanunvericilik Palatasının 150 deputatı, Qaraqalpaqıstan Respublikası Ali Sovetinin 65 deputatı, eləcə də vilayət, Daşkənd şəhəri və 208 rayon (şəhər) hakimiyyət orqanlarının deputatları seçiləcək.
Seçki prosesində 30 minə yaxın namizəd və onların 90 minə yaxın vəkili, 70 mindən çox yerli və xarici müşahidəçi iştirak edir.
“Özbəkistanda parlament seçkiləri ilk dəfə olaraq majoritar-proporsional sistem üzrə keçiriləcək”, - B.Əşrəfxanov vurğulayıb.