Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan diasporu Piskaroyvskoye memorial qəbiristanlığında Leninqrad blokadası iştirakçılarına ucaldılan abidəni maliyyələşdirib.
"Report" xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko Azərbaycanda yaşayan Leninqrad blokadası iştirakçıları ilə görüşü zamanı deyib.
"Blokada iştirakçıları böyük qəhrəmanlıq nümayiş etdiriblər. Mən hər bir işdə bizə yardım göstərən, o cümlədən Piskaroyvskoye memorial qəbiristanlığında blokada iştirakçılarına abidənin ucaldılmasını maliyyələşdirən Azərbaycan diasporunun əməyini yüksək qiymətləndirirəm", - Poltavçenko bildirib.
Qubernator, həmçinin Bakının onun üçün doğma şəhər olduğunu qeyd edib. O, burada doğulduğunu və Bakıya dəfələrlə gəldiyini deyib. Onun sözlərinə görə, Sankt-Peterburq beynəlmiləl şəhərdir və "xoş niyyətlə bura gələn hər kəsi məmnuniyyətlə qəbul edir".
Öz növbəsində, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, 2005-ci ildə Azərbaycanda yaşayan Leninqrad blokadası iştirakçıları təşkilat yaradıblar. Təşkilatın məqsədi Böyük Vətən müharibəsi haqqında həqiqətləri düzgün çatdırmaq və Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə çalışmaqdır".