"Ermənistan Baş naziri Nikol Paşinyan əslində küncə sıxışdırılıb, bütün addımları əvvəlcədən bəlli olur".
“Report” xəbər verir ki, bunu rusiyalı politoloq, milli münaqişələr eksperti Yevgeniy Mixaylov Azərbaycan, Ermənistan, Rusiya liderlərinin bu gün Soçi şəhərində keçiriləcək görüşünün mümkün nəticələrinə dair fikirlərini bildirərkən deyib.
“Bir çox ekspertlər Soçidəki üçtərəfli görüşün nəticələri ilə bağlı bədbin olsalar da, mən həmin görüşdə xüsusilə də Qərb ölkələri üçün sürpriz nəticələr olacağını istisna etmirəm. Bu gün Nikol Paşinyan açıq-aşkar küncə sıxışdırılıb, addımları əvvəlcədən bəlli olur. Məsələn, əvvəlcədən gözlənildiyi kimi, ölkəsində sərt anti-Rusiya ovqatın baş qaldırmasına rəvac verib. Belə ki, bütün vədlərinə, içdiyi andlara, imzaladığı sazişlərə baxmayaraq, Ermənistanı Rusiyadan, regiondakı milli maraqlarından qoparmağa çalışan müxaliflərin ona mane olacağı elə bəri başdan məlumdur” – deyən politoloqun qənaətincə, Nikol Paşinyan və ətrafdakıların Rusiyanı regiondakı “baş sülhməramlı” rolundan məhrum etməyə çalışmaları, xüsusilə də dekabrın 15-də Brüsseldə keçiriləcək alternativ danışıqlara üstünlük verməsi Kremlin “səbrini tükəndirir”.
“Soçi görüşü qabaqlayıcı tədbirdir. Paşinyanın bu görüşə Brüsseldən əvvəl razılıq verməsinin arxasında da əvvəla, onun komandasının düzgün addımlar atmaması barədə Moskvadan gələn xəbərdarlıq durur. Bəllidir ki, Rusiya Prezidenti Vladimir Putinin əlində İrəvanı “ayıltmaq” üçün lazımi qədər həm iqtisadi, həm də siyasi vasitələr var” – deyə rusiyalı politoloq vurğulayıb.