“Sərhəddə təxribatlar, atışma hazırkı mərhələdə Ermənistan hökumətinin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün vasitədir”.
Bunu “Report”a Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində gərginliyi şərh edən rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.
Ekspertin fikrincə, Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat yollarının açılması məsələsini həll etmək, Azərbaycanın Rusiya sülhməramlıları yerləşdirilən Qarabağ bölgəsindən qanunsuz silahlı birləşmələrini çıxartmaq istəmir: “Əksinə, onlar bu məsələlərə Avropa İttifaqını, o cümlədən Ermənistana hərbi qüvvə göndərməyə belə hazır olduğunu bildirən Fransanı da cəlb etməyə çalışırlar”.
Rusiyalı ekspertin qənaətincə, əsas problem Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri, habelə Azərbaycan, Ermənistan, Rusiya liderlərinin yanvar ayında Moskva görüşündə əldə edilən razılaşmanın şərtlərini yerinə yetirmək istəməməsidir.
Ekspert hesab edir ki, onillərlə yeritdiyi destruktiv siyasətini davam etdirən Ermənistan müharibədə məğlub olduqdan, ordusu darmadağın olduqdan sonra belə mövcud gerçəkliyi qəbul etmək istəmir: “Amma Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Qarabağ münaqişəsi artıq mövcud deyil, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ermənistan isə bunu qəbul etmək istəmir. Sülh sazişini imzalamaqdan boyun qaçırır və hərbi təxribatlarla məşğuldur”.