Rəvan Həsənov: Azərbaycan ayrı-seçkiliyin istənilən formasına qarşı daim mübarizə aparır
- 23 may, 2025
- 12:30
Azərbaycan ayrı-seçkiliyin istənilən formasına qarşı daim mübarizə aparır.
“Report” xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda tədbirlə bağlı mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan öz tarixində ayrı-seçkiliyə məruz qalıb:
“İslamofobiya da ayrı-seçkiliyin bir növüdür və bəzi Avropa təşkilatları hələ də bunu qəbul etmirlər. Azərbaycanın qlobal siyasətdə rolu xüsusilə İkinci Qarabağ müharibəsindən sonra artıb. Azərbaycan bu istiqamətdə müxtəlif platformalar yaradıb və onların arxasında dayanır. Azərbaycanda artıq islamofobiyaya qarşı keçirilən bu konfransın saytı tərtib edilir. Əksər beynəlxalq təşkilatlar Azərbaycanın islamofobiyaya qarşı mövqeyini dəstəkləyir”.
R.Həsənov beynəlxalq təşkilatların bu məsələyə diqqət göstərməsinin vacib olduğunu vurğulayıb:
“Azərbaycanın bu prosesdəki addımları və davamlılığı məlumdur. Konfransda nələrin müzakirə olunacağına gəldikdə isə qeyd etməliyəm ki, tədbirdə islamofobiyanın siyasi və hüquqi aspektləri, qadın hüquqları və stereotiplər, media və süni intellekt kimi bir sıra mövzulara yer veriləcək”.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə cari ilin 26-27 may tarixlərində İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunan “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda Bakıda beynəlxalq elmi konfrans keçiriləcək.