Qvadelupalı fəal: Fransa bizim azadlıq və müstəqillik istəyimizə repressiyalarla cavab verir

Qvadelupalı fəal: Fransa bizim azadlıq və müstəqillik istəyimizə repressiyalarla cavab verir Qvadelupedə mübarizəmiz çox çətindir, çünki ölkəmiz hələ də Fransanın müstəmləkə imperiyasının tərkibindədir.
Xarici siyasət
25 Oktyabr , 2024 15:40
Qvadelupalı fəal: Fransa bizim azadlıq və müstəqillik istəyimizə repressiyalarla cavab verir

Qvadelupada apardığımız mübarizə çox ağırdır, çünki regionumuz hələ də Fransanın müstəmləkəçiliyi altındadır.

"Report" xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən hazırlanmış "Fransanın Dənizaşırı Ərazilərində İnsan Hüquqlarının Pozulması Haqqında Hesabat"ın təqdimatına həsr edilən mətbuat konfransında Qvadelupa təmsilçisi, UPLG-nin baş katibinin müavini Floran Ali Meril deyib.

O qeyd edib ki, ərazidə insan hüquqlarının pozulması məsələsi təmsil etdiyi təşkilatın və hər bir Qvadelupalının gündəlik narahatlıq mövzusudur:

"Ümumiyyətlə, Qvadelupa xalqı daim ehtiyat içində yaşayır. Jan-Pyer Klod, "Klodo" kimi tanınan şəxsin adi bir yol yoxlaması zamanı həyatını itirməsi buna bariz nümunədir. Qvadelupalılar yaxşı bilirlər ki, ərazidə yerləşən Fransanın repressiya qüvvələri ilə adi yoxlama zamanı hər şey baş verə bilər və onlar qarşılaşdıqları istənilən haqsızlığa görə ədalətli yanaşma görməyəcəklər".

O qeyd edib ki, fransız qüvvələrinin törətdiyi zorakılıq və repressiyalar nəticəsində həyatını itirənlər arasında olan üç ailə hazırda vəkilləri ilə birlikdə yaxınlarının ölümünün ədalətli araşdırılması və məhkəmə prosesinin keçirilməsi uğrunda mübarizə aparır:

"Lakin onlar fransız məhkəmələrinin hadisələri obyektiv şəkildə araşdırmasına və məhkəməyə çıxarmasına nail olmaqda çətinlik çəkirlər.
Qvadelupa xalqı artıq əmindir ki, Fransanın hərbi və polis qüvvələri onlara hörmət bəsləmir və xalqa xidmət etmir. UPLG olaraq biz inanırıq ki, Qvadelupa xalqının da bütün xalqlar kimi hüquqları var və onların tələbi Qvadelupalıların haqlarına dünya miqyasında hörmət edilməsidir".

F.A.Merilin sözlərinə görə, Qvadelupada insan hüquqlarının qorunması və müstəqillik tələbinə Fransa repressiyalarla cavab verir:

"Çünki Fransanın müstəmləkə rejimi qvadelupalıların öz torpaqlarında normal yaşamasına və işləməsinə mane olmaq üçün hər şey edir. Təhlükəsizlik problemləri, içməli su çatışmazlığı. bahalı həyat, işsizlik, polis zorakılığı kimi hallar insanları öz torpaqlarından baş götürüb getməyə məcbur etmək üçün həyata keçirilir. Ötən 60 il ərzində xalqın azadlıq, suverenlik və müstəqillik istəyinə qarşı Fransanın verdiyi cavab repressiya, rasizm və insan hüquqlarının inkarı olub".

O bildirib ki, 2024-cü ilin son ayları olmasına baxmayaraq, Fransa işğalçı dövlət olaraq qeyd edilən məsələlərin həlli üçün nəinki heç bir müsbət addım atmır, əksinə, fərqli səsləri boğmaq üçün əlindən gələni edir:

"Fransanın mövcud hökuməti Qvadelupada, həmçinin digər müstəmləkələrində insan hüquqlarını tanımaq və müdafiə etmək niyyətində deyil. Müstəmləkə rejimi qiymət artımına qarşı etiraz edən əhaliyə qarşı məhkəmə təqiblərinin həyata keçiriləcəyini açıq şəkildə bəyan edir. Fransanın belə addımları Qvadelupa, Martinika və başqa müstəmləkələrdəki insanlara qarşı repressiyaların davam edəcəyini göstərir".

Son xəbərlər

Orphus sistemi