"Qazaxıstan dost ölkə kimi Azərbaycanın uğurlarına daim sevinir".
"Report"un xəbərinə görə, bu fikirləri Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü zamanı deyib.
Y.Koşanov görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə dəvətə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib. O, Heydər Əliyevin daim Qazaxıstanda dərin ehtiramla anıldığını söyləyib. Qeyd edib ki, Qazaxıstan dost ölkə kimi Azərbaycanın uğurlarına daim sevinir.
Qazaxıstanlı spiker Bakıya hər səfərində Azərbaycandakı inkişafın şahidi olduğunu söyləyib. Qeyd edib ki, Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün onun arzuladığı nailiyyətləri qazanır və bu böyük şəxsiyyətin ideyaları həyata keçirilir. Azərbaycan inkişaf edən stabil ölkədir və yerləşdiyi bölgədə özünəməxsus önəmli yer tutur.