Qazaxıstan hərbi sənaye kompleksinin yaradılması sahəsində Azərbaycanın təcrübəsini öyrənir

Qazaxıstan hərbi sənaye kompleksinin yaradılması sahəsində Azərbaycanın təcrübəsini öyrənir Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin müdafiə və aerokosmik sənayesi naziri Beybut Atamkulovla görüşüb
Xarici siyasət
27 Mart , 2017 10:00
Qazaxıstan hərbi sənaye kompleksinin yaradılması sahəsində Azərbaycanın təcrübəsini öyrənir
Azərbaycanın Qazaxıstandakı səfirliyinin mətbuat xidməti

Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin müdafiə və aerokosmik sənayesi naziri Beybut Atamkulovla görüşüb.

Azərbaycanın Qazaxıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüş zamanı müstəqillik dövründə iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq üçün möhkəm əsasın qoyulduğu vurğulanıb.

Qeyd edilib ki, resurslarla zəngin və beynəlxalq nəqliyyat dəhlizləri üzərində əlverişli coğrafi mövqedə yerləşən hər iki dövlət müstəqillik əldə etdikdən sonra oxşar çağırışlarla üzləşib və dövlət quruculuğu sahəsində bir-birinin təcrübəsindən yararlanıb. Bildirilib ki, bütün sahələrdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq iki ölkənin daha da inkişafına və güclənməsinə xidmət edəcək. Bu baxımdan, hərbi sənaye sahəsində də əlaqələrin güclənməsinin müsbət nəticələr verəcəyi, həmçinin bu sahənin artıq iqtisadiyyatın bir sektoruna çevrildiyi vurğulanıb.

Nazir Beybut Atamkulov iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın mövcudluğundan danışaraq Azərbaycan haqqında xoş təəssüratlarını bölüşüb. O, əldə edilən iqtisadi nailiyyətlər və güclü dövlət quruculuğu nəticəsində Azərbaycanın regionun ən müstəqil ölkələrindən birinə çevrildiyini qeyd edib. B.Atamkulov bildirib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlərdə müstəqil ordu quruculuğu mühüm rol oynayır. Nazir müdafiə sənayesi kompleksinin yaradılmasında mühüm nailiyyətlər əldə edən Azərbaycanın bu sahədə uğur qazanmış ölkələr sırasına daxil olmasının təqdirəlayiq hesab edildiyini vurğulayıb, bu sahədə ölkənin təcrübəsinin Qazaxıstan üçün daha maraqlı olduğunu qeyd edib.

Səfir R.Məmmədov isə Azərbaycanın Ermənistan tərəfindən hələ də hərbi təcavüzə məruz qaldığını önə çəkərək münaqişənin yaranma tarixi və nəticələri barədə nazirə geniş məlumat verib. Diplomat Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək məqsədilə güclü hərbi sənaye kompleksi yaratdığını deyərək bu sahədə bir çox ölkələrlə qurulmuş uğurlu əməkdaşlıqdan danışıb.

R.Məmmədov  Azərbaycanda bir çox çeşiddə istehsal olunan hərbi təyinatlı məhsullar və onların müxtəlif ölkələrə ixracından danışıb. Səfir ölkədə hər il keçirilən ADEX sərgisi barədə, eləcə də sərgidə iştirak edən ölkələr, şirkətlər, nümayiş edilən məhsullar və bağlanılan müqavilələrin miqyasının ildən-ilə artması ilə bağlı fikirlərini bölüşüb. Vurğulanıb ki, sərgi artıq dünyanın bir çox ölkəsinin müvafiq sahədə imkanlarının nümayiş etdirilməsi və əməkdaşlığın inkişafı üçün regionda ən mühüm platformaya çevrilib. Qazaxıstan tərəfi bu sərgidə aktiv iştirak etməyə dəvət edilib. Tərəflər arasında müvafiq sahədə əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşməsi ətrafında müzakirələr aparılıb. Nazir deyib ki, Qazaxıstan Azərbaycanın hərbi sənaye kompleksində istehsal edilən məhsullarla yaxından tanış olmaq niyyətindədir və bu sahədə əməkdaşlığa xüsusi diqqət yetirir. Bu məqsədlə Qazaxıstan Bakıda keçiriləcək növbəti ADEX sərgisində fəal iştirak edəcək, eləcə də milli stendlə çıxış edəcək. 

Son xəbərlər

Orphus sistemi