"Azərbaycanda müxtəlif mədəniyyətlərin və müxtəlif dinlərin nümayəndələri əsrlər boyu dinc yanaşı yaşayıblar. Biz fəxr edirik ki, bütün dünyadakı yəhudilər kimi Azərbaycanda yaşayan yəhudilər də bizə real kömək edirlər".
"Report"un xəbərinə görə, bu fikirlər Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin İsraildə çıxan nüfuzlu “Israel HaYom” qəzetində dərc olunmuş məqaləsində yer alıb.
O bildirib ki, israillilər Azərbaycana gələndə onlar bizim İsrailə münasibətimizi görürlər və siz özünüz də görə bilərsiniz ki, Azərbaycanın hər yerində İsrail bayraqları asılıb: "Bu, Azərbaycan xalqının səmimi arzusundan irəli gəlir və ölkələrimiz, xalqlarımız arasında münasibətlərə görə minnətdarlıq ifadəsidir. Bizim qarşılıqlı anlaşmamız, dövlətlərarası diplomatik münasibətlərimiz çox yüksək səviyyədədir. Azərbaycan öz müstəqilliyini elan edəndə İsrail onu müstəqil dövlət kimi tanımış ilk ölkələrindən biri oldu.
Vətən müharibəsində zərər çəkmiş azərbaycanlı əsgər və zabitlərin müalicəsi üçün israilli oftalmoloqlardan ibarət nümayəndə heyətinin ölkəmizə gəlməsi Azərbaycan xalqını çox mütəəssir etdi. Onlar Azərbaycana gəldilər və gündə 10-15 əməliyyat apardılar. Bu, yəhudi xalqına hörmət və ehtiramın əbədi əlaməti kimi qalacaq, başqa insanın həyatına görə bu narahatlıq hissi yəhudilərin DNT-sindən irəli gəlir. Bu, İsrailin bizə kömək etmək arzusu ilə bağlıdır. Biz yaralı döyüşçülərimizə kömək məqsədilə İsrailin təcrübəsindən istifadə etməklə başqa oxşar təşəbbüsləri də reallaşdırmaq niyyətindəyik".