"Yaxın dost və etibarlı tərəfdaş ölkə olan Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Şadam ki, qədim tarixə və xoş ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, tərəfdaşlığımız gündən-günə yeni məzmunla zənginləşir".
"Report"un xəbərinə görə, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı məktubunda əksini tapıb.
"Məmnunluqla qeyd etmək istərdim ki, hazırda ikitərəfli münasibətlərimiz geniş gündəliyə malikdir. Qarşılıqlı faydalı əməkdaşlığımızın iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, humanitar və digər sahələrdə çox aydın və böyük perspektivləri vardır. Eyni zamanda Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcminin artması “Kəmər və yol” layihəsi çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətimizin növbəti bariz nümunəsidir", - dövlət başçısı qeyd edib.