​Oqtay Əsədov: “Serbiya ilə mədəni, humanitar əlaqələrin inkişafında maraqlıyıq"

​Oqtay Əsədov: “Serbiya ilə mədəni, humanitar əlaqələrin inkişafında maraqlıyıq" Serbiyanın baş naziri Milli Məclisdə olub
Xarici siyasət
14 Aprel , 2015 19:10
​Oqtay Əsədov: “Serbiya ilə mədəni, humanitar əlaqələrin inkişafında maraqlıyıq

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda rəsmi səfərdə olan Serbiyanın baş naziri Aleksandr Vuçiç ilə görüşüb. Bu barədə "Report"a MM-in mətbuat xidmətindən məlumat verilib. 

Oqtay Əsədov Serbiya baş nazirinin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ açacağına əminliyini bildirib. Sədr deyib ki, Azərbaycan ilə Serbiya strateji tərəfdaş və dost ölkələrdir. Dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərimizi yüksək səviyyəyə qaldırıb. Əlaqələrimizin inkişafı nəticəsində iki ölkə arasında hüquqi baza yaranıb. İndiyədək ölkələrimiz arasında 25 sənəd imzalanıb və 2 sənəd üzərində iş gedir. Oqtay Əsədov iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Əlavə edib ki, bunun üçün böyük potensial var.

Milli Məclisin sədri Azərbaycanın dünyada mədəniyyətlərarası, sivilizasiyalararası dialoqa böyük töhfə verdiyini diqqətə çatdırıb. “Serbiya ilə mədəni, humanitar əlaqələrin inkişafında maraqlıyıq və hər iki ölkədə bu istiqamətdə müvafiq işlər həyata keçirilir”, - Oqtay Əsədov vurğulayıb.

Sədr parlamentlərarası əlaqələrin də sürətlə inkişaf etdiyini söyləyib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin maraqlarını dəstəkləyən məsələlərdə birgə mövqedən çıxış etdiyini vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Milli Məclisin sədri bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Serbiya tərəfinə minnətdarlığını bildirib.

Serbiyanın baş naziri Aleksandr Vuçiç Azərbaycana səfərindən və keçirdiyi mühüm görüşlərdən məmnunluğunu ifadə edib. Bu səfərin əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Ölkələrimiz arasında əlaqələrin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu söyləyən Aleksandr Vuçiç qeyd edib ki, Serbiya Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyib. Azərbaycanın da Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyini xatırladan baş nazir buna görə təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi