Türkiyə həmişə Cənubi Qafqaz regionunda sülh və sabitliyin tərəfdarı olub və bu istiqamətdə konkret addımlar atmağa çağırıb.
“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bu gün Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə birgə mətbuat konfransında deyib.
"Biz ilk günlərdən bu regionda sülh və sabitliyin vacibliyini və bu istiqamətdə konkret addımların atılmasının zəruriliyini qeyd etmişik. Regionun əməkdaşlıq, sülh və həmrəyliyə ehtiyacı var, bizə yeni münaqişələr və gərginlik lazım deyil", - o bildirib.
N.Kurtulmuş hazırkı dünya nizamında Türk dünyasının inkişafının vacibliyini də vurğulayıb. O, həmçinin bu inkişafa verdiyi mühüm töhfəyə görə Azərbaycana təşəkkürünü bildirib.
TBMM sədrinin sözlərinə görə, Bakı ilə Ankara arasındakı münasibətlər Azərbaycanın 44 günlük Vətən müharibəsindəki zəfərindən və Şuşa Bəyannaməsinin imzalanmasından sonra bütün sahələrdə inkişaf edir və daha da möhkəmlənib.