Moskva vilayətinin Lotoşino qəsəbəsində İkinci Dünya müharibəsi zamanı həlak olmuş azərbaycanlı əsgərlərin qəhrəmanlığını əbədiləşdirmək məqsədilə xatirə lövhəsinin açılışı olub.
“Report”un Rusiya bürosu xəbər verir ki, abidənin açılışında Moskva və Moskvaətrafının Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
1941-ci ildə alman ordusu Moskvanın mühasirəyə alınması və ələ keçirilməsini nəzərdə tutan “Tayfun” əməliyyatına başlayıb. Lotoşino rayonu düşmənin paytaxta doğru hərəkəti yolunda idi. Döyüşlər zamanı sovet ordusunun xeyli əsgəri, o cümlədən azərbaycanlılar da həlak olublar.
Xatirə lövhəsində Behbudov, Rəcəbov, Hacıyev, Şəfiyev və Yusubov soyadlı 5 azərbaycanlının adı həkk olunub.
Azərbaycan diasporunun nümayəndələri Moskvaya gedən yolda öz canlarından keçərək düşmənə qarşı qəhrəmancasına döyüşmüş həmvətənlərinə həsr olunmuş xatirə lövhəsinin açılışında iştirak etməkdən qürur duyduqlarını bildiriblər: “Onların qəhrəmancasına həlak olması Vətəni sevmək nümunəsidir. Gənc nəsil tarixi, qəhrəmanların adlarını bilməlidir”, - onlar bildiriblər.
Tədbir iştirakçıları qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad edib və lövhənin qarşısına əklillər qoyublar.