“Monteneqro və Azərbaycanın əməkdaşlıq edə biləcəyi bir çox sahələr var və hesab edirəm ki, iqtisadi əlaqələri daha da yüksək səviyyəyə çatdırmaq üçün güclü siyasi əlaqələrimizdən istifadə etməyimiz vacibdir”.
Bunu “Report”un Ankara bürosuna müsahibəsində Monteneqronun Ankarada iqamət edən Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Perişa Kastratoviç deyib.
“Turizm bizim ən mühüm iqtisadi sahəmizdir və Azərbaycan təkcə Monteneqroda deyil, Avropada da özünəməxsus tərzi ilə seçilən, nadir turistik şəhərimiz olan Porto Novidə ən böyük sərmayəyə malikdir. Bu layihənin gercəkləşdirilməsi nəticəsində Monteneqroda dünya səviyyəli “One and Only” hotel brendi ilə yanaşı, mindən çox insanın işlə təmin olunduğu prestijli lüks kurort mərkəzləri də qurulub. Bu, həm də onu göstərir ki, hökumətimizin dəstəyi ilə güclü, etibarlı, ağıllı investor necə böyük və uğurlu layihələri həyata keçirə bilər. Monteneqronun çox məşhur olan dənizkənarı bölgələri ilə yanaşı, şimal bölgəsi də böyük turizm potensialına malikdir. Düzgün yatırılmış investisiya və inkişaf planları ilə Monteneqroda turizm mövsümü 9 aya qədər davam edə bilər.
Ölkəmiz, enerji sahəsində də böyük potensiala malikdir və turizmlə yanaşı bu istiqamət də Azərbaycanla əməkdaşlıqda prioritet təşkil edir”, - səfir bildirib.
“Təəssüf ki, iki ölkə arasında ticarət mübadiləsi hazırda çox yüksək səviyyədə deyil və biz ticarət mübadiləsinin təkmilləşdirilməsi, gücləndirilməsi ilə bağlı fəaliyyətlərimizi artırmalıyıq. Biz bunu hökumətlərarası komissiyalar, biznes dairələri və qarşılıqlı əlaqələr vasitəsilə edə bilərik. Strateji tərəfdaşlıq sazişinin imzalanması iqtisadi və ticarət əməkdaşlığın intensivləşdirilməsinə kömək edə biləcək səmərəli addım ola bilər”, -o, əlavə edib.
Müsahibənin tam mətnini bu linkdən oxuya bilərsiniz.