“Azərbaycan həm də Monteneqronun müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Ölkələrimiz arasındakı münasibətlər iki dost dövlətin güclü əməkdaşlığını əks etdirir. Yüksək səviyyəli intensiv əlaqələr, ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsi və güclü diplomatik fəaliyyətlərimizin təsdiqidir”.
Bunu “Report”un Ankara bürosuna müsahibəsində Monteneqronun Ankarada iqamət edən Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Perişa Kastratoviç deyib. Səfirin müsahibəsini təqdim edirik:
- Cənab Kastratoviç, Azərbaycana ilk gəlişinizdə ölkəmiz Sizdə hansı təəssürat yaratdı?
- Mən 2021-ci il iyunun 12-də etimadnaməmi cənab Əliyevə təqdim etdim və o vaxtdan qurumların nümayəndələri, diplomatik korpusun həmkarları ilə görüşmək məqsədilə Azərbaycana səfər etmək üçün bütün imkanlardan istifadə edirəm. Bakını və bu şəhərdəki qədimliklə müasirliyin sintezini çox xoşlayıram. Bir tərəfdə tarixi binalar, məscidlər, milli üslublar labirintinə malik qədim şəhər, digər tərəfdə isə möhtəşəm müasir tikintilər var. Bu ilin aprelində, Xarici İşlər Nazirliyiniz diplomatik korpus üçün səfər təşkil etdiyi zaman Naxçıvanı görmək imkanım da oldu. Azərbaycana təyin edilmiş bir səfir kimi ölkənizi və xüsusən də xalqınızı bacardığım qədər yaxından tanımaq mənim üçün vacibdir və mən bu tanışlıqdan çox məmnun oluram, Azərbaycana hər səfərimdən böyük zövq alıram.
- Azərbaycanla Monteneqro arasındakı münasibətləri necə qiymətləndirirsiniz?
- Monteneqro ilə Azərbaycanın hər birinin özünəməxsus mədəniyyəti, zəngin tarixi, adət-ənənəsi, folkloru və fərqli xüsusiyyətləri olsa da, çoxmillətli, çox mədəniyyətli və tolerantlıq baxımından oxşardırlar. Monteneqro da Azərbaycan kimi müstəqilliyini may ayında qeyd edir.
Azərbaycan həm də Monteneqronun müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Ölkələrimiz arasındakı münasibətlər iki dost dövlətin güclü əməkdaşlığını əks etdirir. Yüksək səviyyəli intensiv əlaqələr, ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsi və güclü diplomatik fəaliyyətlərimizin təsdiqidir.
- Sizcə, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün prioritetlər nələr ola bilər?
- Monteneqro və Azərbaycanın əməkdaşlıq edə biləcəyi bir çox sahələr var və hesab edirəm ki, iqtisadi əlaqələri daha da yüksək səviyyəyə çatdırmaq üçün güclü siyasi əlaqələrimizdən istifadə etməyimiz vacibdir.
Turizm bizim ən mühüm iqtisadi sahəmizdir və Azərbaycan təkcə Monteneqroda deyil, Avropada da özünəməxsus tərzi ilə seçilən, nadir turistik şəhərimiz olan Portonovidə ən böyük sərmayəyə malikdir. Bu layihənin gercəkləşdirilməsi nəticəsində Monteneqroda dünya səviyyəli “One and Only” hotel brendi ilə yanaşı, mindən çox insanın işlə təmin olunduğu prestijli lüks kurort mərkəzləri də qurulub. Bu, həm də onu göstərir ki, hökumətimizin dəstəyi ilə güclü, etibarlı, ağıllı investor necə böyük və uğurlu layihələri həyata keçirə bilər. Monteneqronun çox məşhur olan dənizkənarı bölgələri ilə yanaşı, şimal bölgəsi də böyük turizm potensialına malikdir. Düzgün yatırılmış investisiya və inkişaf planları ilə Monteneqroda turizm mövsümü 9 aya qədər davam edə bilər.
Ölkəmiz, enerji sahəsində də böyük potensiala malikdir və turizmlə yanaşı bu istiqamət də Azərbaycanla əməkdaşlıqda prioritet təşkil edir.
Biz enerji sektorunun inkişafında dekarbonizasiya və “yaşıl enerji”yə keçid prinsiplərini əsas tuturuq. Onu da vurğulamalıyam ki, bizim prioritetimiz su, külək potensialı və günəş enerjisi kimi bərpa olunan enerjinin istehsalıdır. Bu gün Azərbaycan hökumətinin də xüsusən Qarabağın yenidən qurulmasında bu potensialdan istifadə etdiyini nəzərə alsaq, bu faktor əməkdaşlığımıza əsas ola bilər. İndiki geosiyasi mənzərəyə baxdıqda Azərbaycanın dünyadakı enerji formalaşmasında çox mühüm rol oynadığını və Avropa ölkələrinin etibarlı qaz təchizatçısı olduğunu görürük. Hal-hazırda Monteneqronun öz qaz infrastrukturu yoxdur, amma belə infrastrukturun qurulması prioritetlərdən biridir. Turizm sahəsində əməkdaşlığımızın bu qədər uğurlu olduğunu nəzərə alsaq, enerji sahəsində də eyni səviyyəyə çatacağımıza ümid edirik.
Siyasi əlaqələrə gəlincə, az öncə də qeyd etdiyim kimi, əlaqələrimiz olduqca güclüdür, lakin hesab edirəm ki, bir-birimizi daha yaxşı anlamaq üçün parlamentlər, eləcə də xalqlarımız arasındakı əlaqəni daha da inkişaf etdirmək vacibdir. Bu amillər eyni zamanda ölkələr arasında münasibətlərin əsasını təşkil edir.
- İki ölkə arasında mədəni əlaqələr haqqında nə deyə bilərsiniz? Humanitar sahədə xalqlar və mədəniyyətlər arasında münasibətlərin inkişafı ilə bağlı hansı planlarınız var?
- Monteneqro və Azərbaycan öz mədəniyyətlərini ölkə hüdudlarından kənarda tanıdan böyük sənətkarlar, yazıçılar, şairlər və alimlər yetişdirib. Mən inanıram ki, mədəniyyətlərimiz bizi formalaşdıran əvəzsiz vasitədir və digər ölkələr ilə qarşılıqlı münasibətlərdə bu amil mühüm rol oynayır.
Mədəniyyət bir-birimizi daha yaxşı anlamağa və ünsiyyət qurmağa imkan verən ortaq dəyər olmaqla yanaşı inanclar və ənənələri də özündə birləşdirir. Odur ki, məhz mədəniyyət hər bir ölkə ilə əməkdaşlığın ən vacib meyarıdır. Ölkələrimiz arasında xüsusilə bu sahədə əməkdaşlıqla bağlı deyə bilərəm ki, Azərbaycan Monteneqronun paytaxtı Podqoritsada yerləşən tanınmış Azərbaycan şairi Hüseyn Cavidin heykəlinin qoyulduğu Kral Parkını abadlaşdırıb. Podqoritsada Bakı küçəsi də var. Azərbaycanın köməyi ilə Monteneqronun şimalındakı Bijelo Polye şəhərindəki məktəbəqədər təhsil müəssisəsi təmir edilib.
Bir sıra sahələrdə görüləsi işlər yenə də var və ümid edirəm ki, bu şəkildə əməkdaşlıq gələcəkdə bir-birimizi daha yaxından tanımağa kömək edəcək, festivallar, yarmarkalar, sərgilər, tamaşalar və s. kimi mədəni əlaqələrimiz daha da yaxınlaşacaq.
- Azərbaycan Monteneqrodan əsasən hansı məhsullar alır?
- Təəssüf ki, iki ölkə arasında ticarət mübadiləsi hazırda çox yüksək səviyyədə deyil və biz ticarət mübadiləsinin təkmilləşdirilməsi, gücləndirilməsi ilə bağlı fəaliyyətlərimizi artırmalıyıq. Biz bunu hökumətlərarası komissiyalar, biznes dairələri və qarşılıqlı əlaqələr vasitəsilə edə bilərik. Strateji tərəfdaşlıq sazişinin imzalanması iqtisadi və ticarət əməkdaşlığın intensivləşdirilməsinə kömək edə biləcək səmərəli addım ola bilər.
- İki ölkə arasında birbaşa aviareyslərin açılması gözlənilirmi?
- Yay aylarında Podqoritsa ilə Bakı arasında çarter reysi olur. Nəzərə alaq ki, Azərbaycandan çoxlu sayda turist Monteneqroya səfər etməkdə maraqlıdır. Qeyd etdiyim kimi xalqlarımızın bir-birini tanıması çox önəmlidir və məhz bu səbəbdən gələcəkdə iki ölkə arasında yalnız yay aylarında çarter reysləri deyil, müntəzəm uçuşların olacağına ümid edirəm. Birbaşa aviareysin olması, həmçinin iqtisadi əməkdaşlığımızın daha da genişlənməsinə öz töhfəsini verər. Qeyd etməliyik ki, Azərbaycan vətəndaşlarının Monteneqroya səfəri üçün vizaya ehtiyacları yoxdur və hər zaman gəlib ölkəmizin təbii gözəlliklərilə tanış ola bilərlər. Ərazisi kiçik olsa da, Monteneqro həm Aralıq dənizi sahilində yerləşir, həm də dağlıq ölkədir və bir çox təbii müxtəlifliyə malikdir. Gözəl və müxtəlif çimərlikləri olan dəniz, gizli göllər, yunan və Roma dövründə qurulmuş adalar və şəhərlər, Balkanların ən böyük gölü, Avropada rast gəlinən nadir ibtidai meşələrindən biri, nəhəng dağlar, buz bağlamış şəffaf göllər, Avropanın ən dərin kanyonu, beş milli park, çoxsaylı təbiət qoruqları və qorunan ərazilərimiz var. Monteneqronun kiçik dənizkənarı şəhəri olan Kotor böyük bədii və mədəni dəyərləri ilə YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olub. Ən yaxşısı isə odur ki, bunların bir çoxunu 7-8 gün ərzində görmək mümkündür. Düşünürəm ki, bu sadaladıqlarım Monteneqroya mükəmməl bir səyahətə səbəb olar. Ümid edirəm, yaxın gələcəkdə Monteneqro vətəndaşları da Azərbaycana vizasız daxil ola və ölkənizin nə qədər gözəl, zəngin mədəniyyətə malik olduğunu öz gözləri ilə görə biləcəklər.
- Yeri gəlmişkən, Azərbaycan 30 ilə yaxın işğaldan sonra 2020-ci ildə Qarabağı azad edib. Azərbaycana səfərləriniz zamanı Qarabağa getmək imkanınız oldumu?
- Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib. Mən Qarabağa dəfələrlə səfər etmişəm, hər səfərimdə regionunun dağıntılara necə məruz qaldığını görmüşəm. Onu da bilirəm ki, ərazidə hələ də minalar və partlamamış hərbi sursatlar var, minalardan təmizləmə prosesi davam edir və bu, oradan didərgin düşən insanların qayıtması, ümumiyyətlə, regionda yaşayışın bərpası üçün ilkin şərtdir. Yenidənqurma layihələri ilə də tanışam, bu layihələr həqiqətən çox iddialı və müasirdir, tam şəkildə həyata keçirildikdə bütün dünyaya davamlılıq nümunəsi olacağına inanıram. Fikrimcə, daha da önəmlisi, bunun humanitar cəhətidir. Bilirik ki, geri qayıtma prosesi çox çətin və əziyyətlidir. Təbii ki, xalqınızın rifahı hər şeydən əvvəl gəlir və bu fikir bütün prosesin arxasında duran əsas meyardır. Bu ərazilərə qayıdacaq insanlar üçün iş imkanlarının yaradılması böyük önəm kəsb edir və hökumətinizin bununla bağlı da planları var ki, bu da çox təqdirəlayiqdir.
- Monteneqro yaxın gələcəkdə Azərbaycanda səfirlik aça bilərmi?
- Monteneqronun Azərbaycandakı Səfirliyinin iqamətgahı Ankarada yerləşir. 2019-cu ildən etibarən bizim Bakıda bir ofisimiz var, o da Monteneqronun Türkiyə Respublikasındakı səfirliyinin tərkibindədir. Azərbaycanın da Podqoritsada ofisi var və o da sizin Serbiyanın Belqrad şəhərindəki səfirliyinizin tərkibindədir. Qeyd etməliyəm ki, Monteneqronun dünyada cəmi 39 diplomatik nümayəndəliyi var və bu modeli yalnız Azərbaycanla tətbiq etməyimiz əlaqələrimizə böyük önəm verdiyimizi göstərir.
- Yaxın gələcəkdə qarşılıqlı yüksək səviyyəli səfərlər gözlənilir?
- Bu ilin mayında parlamentimizin sədri xanım Danijela Duroviç Bakıda səfərdə olub, Prezident İlham Əliyev, Milli Məclisin sədri xanım Sahibə Qafarova, eləcə də Baş nazir Əli Əsədovla görüşüb. Keçən il Monteneqronun əmək və əhalinin sosial rifah naziri, dövlət idarəçiliyi naziri, eləcə də kapital qoyuluşları naziri Azərbaycana səfər ediblər. Ötən ilin yanvarında parlamentin əvvəlki sədri cənab Beçiç ölkənizdə səfərdə olub. Bir az öncə də qeyd etdiyim kimi, yüksək səviyyədə görüşlər tez-tez keçirilir, ümid edirik ki, Monteneqroda da Azərbaycanın nüfuzlu şəxsləri və rəsmilərini qonaq etmək, onların səmimi və xoş qonaqpərvərliyinin əvəzini vermək imkanımız olacaq.