MDLU rektoru: Füzulisiz Azərbaycan xalqının mədəni kodunu təsəvvür etmək mümkün deyil

MDLU rektoru: Füzulisiz Azərbaycan xalqının mədəni kodunu təsəvvür etmək mümkün deyil Moskva Dövlət Linqvistik Universitetində (MDLU) böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans keçirilib.
Xarici siyasət
24 Dekabr , 2024 18:07
MDLU rektoru: Füzulisiz Azərbaycan xalqının mədəni kodunu təsəvvür etmək mümkün deyil

Moskva Dövlət Linqvistik Universitetində (MDLU) Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans keçirilib.

“Report”un Rusiya bürosunun məlumatına görə, tədbirin təşkilatçıları MDLU və Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti olub.

Konfrans çərçivəsində tematik sərgi təşkil olunub, böyük şairin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirin əvvəlində iştirakçılar Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər.

Konfransı açan MDLU-nun rektoru İrina Krayeva tədbirin təşkilində dəstəyə görə Azərbaycanın Rusiyadakı səfirliyinə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə və MDB İcraiyyə Komitəsinə təşəkkür edib. Bundan əlavə, İ.Krayeva Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevin salamlama məktubunu oxuyub.

MDLU-nun rektoru çıxışında qeyd edib ki, bugünkü konfrans dünya mədəniyyətinə misilsiz töhfə vermiş insanlardan bəhs edən "Dünya dahiləri" layihəsi çərçivəsində təşkil olunub.

"Füzulisiz Azərbaycan dilini və mən deyərdim ki, xalqının mədəni kodunu təsəvvür etmək mümkün deyil. Onun "Leyli və Məcnun" poeması Füzulinin özü haqqında əbədi xatirə kimi qoyub getdiyi misli-bərabəri olmayan xəzinəyə çevrilib", - İ.Krayeva bildirib.

MDLU-nun rektoru rəhbərlik etdiyi ali məktəbin uzun illərdir Azərbaycan universitetləri ilə əməkdaşlıq etdiyini və təkcə Azərbaycan dilinin deyil, həm də mədəniyyətin, iki xalq arasında dostluq ənənələrinin öyrənilməsi və təbliği istiqamətində fəal iş apardığını vurğulayıb.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Yusif Vəzirov səfir Rəhman Mustafayevin salamlarını çatdırıb.

Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti Şurasının sədri Bəxtiyar Həsənov Füzuli yaradıcılığının Azərbaycan xalqının həyatındakı rolundan danışıb. Diaspor təşkilatının rəhbəri, həmçinin Azərbaycan-Rusiya dostluq münasibətlərinin möhkəmləndirilməsində MDLU-nun aparıcı rolunu qeyd edib. O, MDLU-nun fəxri professoru, universitetin nəzdindəki Azərbaycan dili və mədəniyyəti Mərkəzinin birinci rəhbəri Bella Musayevaya Moskva azərbaycanlıları adından təşəkkürnamə təqdim edib.

Rusiya Təhsil Akademiyasının müxbir üzvü, sosiologiya elmləri doktoru Vaqif Bayramov vurğulayıb ki, bu cür konfranslar ölkələrimizə təkcə millətlərarası əlaqələri möhkəmləndirməyə deyil, həm də mədəni qarşılıqlı əlaqələri dərinləşdirməyə kömək edir.

Konfransın moderatorları Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti Şurasının sədr müavini Haşım Əliyev və MDLU-nun Beynəlxalq Əməkdaşlıq Layihə Ofisinin direktoru Olqa Yeqorova olub.

MDLU-nun tərcümə fakültəsinin II kurs tələbələrinin ifasında Məhəmməd Füzulinin qəzəl və rübailəri səsləndirilib.

Son xəbərlər

Orphus sistemi