Mahir Dərziyev: “Gürcüstan Prezidentinə qarşı impiçmentin baştutma ehtimalı çox azdır"
- 05 oktyabr, 2023
- 10:39
“Gürcüstan Prezidenti Salome Zurabişviliyə qarşı impiçmentin baştutma ehtimalı çox azdır. Buna görə də növbədənkənar prezident seçkilərinin keçirilməsi ölkəmizdə müzakirə olunmur. Əslində, növbədənkənar seçkilərin keçirilməsində nə iqtidar, nə də müxalifət maraqlıdır”.
Bu fikirləri “Report”a açıqlamasında Gürcüstan parlamentinin sabiq deputatı Mahir Dərziyev deyib.
O, ilk olaraq Zurabişvilinin prezident seçilməsindən sonra Gürcüstan siyasi sistemində baş verən dəyişikliklərdən söz açıb. Bildirib ki, onun seçilməsi ilə Gürcüstanda prezidentin səlahiyyətləri xeyli məhdudlaşdırılıb: “2018-ci ildə iki turda keçirilən prezident seçkilərində Salome Zurabişvili Gürcüstanın sayca beşinci prezidenti seçilib. Bu həm də Gürcüstanın konstitusiya tarixində yeni mərhələnin başlanğıcı kimi əlamətdar idi. Çünki prezidentin səlahiyyətləri köklü şəkildə məhdudlaşdırılırdı. Prezidentin xarici siyasət məsələlərində təmsilçiliyi yalnız hökumətin razılıq verdiyi məsələləri əhatə edə bilərdi. Yəni konkret olaraq prezident ölkənin xarici siyasət kursunu müəyyən edə bilməz, bu, hökumətin müstəsna səlahiyyətidir. Son dövrdə hökumətlə prezident arasında mövcud gərginlik də əsasən, bundan qaynaqlanır. Düzü, əvvəllər də Zurabişvili hökumətə müxalif bəyanatları və parlamentin qəbul etdiyi qanunlara qoyduğu vetolara görə "Gürcü Arzusu" Partiyası tərəfindən tez-tez qınanırdı”.
M.Dərziyev qeyd edib ki, Salome Zurabişvilinin Gürcüstanın Avropa İttifaqına üzvlüyünə dəstək almaq üçün Avropa ölkələrinə hökumətlə razılaşdırılmadan səfər etməsi iqtidarın səbir kasasını daşıran son damla olub və bu hadisədən sonra parlament çoxluğu prezidentə qarşı impiçment prosedurlarına başlayıb: “Artıq Konstitusiya Məhkəməsinə müraciət olunub və ilk məhkəmə iclası da keçirilib. Əgər məhkəmə iddianı təmin etsə, impiçment məsələsi parlamentdə səsə qoyulacaq. Qərarın qəbul edilməsi üçün 150 deputatdan 100-nün səs verməsi lazımdır. "Gürcü Arzusu" Partiyasının bu qədər səsi yoxdur, müxalifət isə impiçmenti dəstəkləməyəcəyini elan edib. Buna görə impiçmentin baş tutması ehtimalı çox azdır”.
Müsahib diqqətə çatdırıb ki, növbəti prezident seçkilərində Salome Zurabişvilini nə iqtidar, nə də müxalifət dəstəkləyəcək: “Zurabişvilinin dəstəklənməyəcəyini indidən demək mümkündür. Maraqlıdır ki, iqtidar prezidenti müxalifətlə əməkdaşlıqda ittiham etdiyi kimi, müxalifət də baş verənləri hökumətin qurduğu oyun kimi dəyərləndirir. Zurabişvilini ziddiyyətli bir siyasətçi hesab edirlər. Fransada əsilzadə gürcü mühacirləri ailəsində dünyaya gələn xanım prezident bu ölkənin xarici siyasət idarəsində mühüm vəzifələr tutub, o cümlədən ölkəsinin Gürcüstanda səfiri olub. Mixail Saakaşvili tərəfindən Gürcüstanın xarici işlər naziri təyin olunsa da, qısa bir müddətdən sonra istefa verib müxalifətin sıralarına qatılıb. İndiki iqtidar partiyası tərəfindən majoritar qaydada deputat, sonra da prezident seçilməsinə rəğmən, ona “dönük” çıxdı”.
M.Dərziyev Azərbaycanın Gürcüstanın dostu və strateji tərəfdaşı olmasına da toxunub. O, iki ölkə arasındakı münasibətlərə heç kimin xələl gətirə bilməyəcəyini vurğulayıb: “Ölkələr arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Gürcüstanda heç bir iqtidar, heç bir siyasi qüvvə bu dostluğa xələl gətirə bilməz, çünki bu, gürcü xalqının iradəsinin ifadəsidir. Zurabişvili isə daha çox məlum və məşum David Qareci kampaniyasındakı qeyri-konstruktiv bəyanatları ilə xatırlanacaq”.