Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə fevralın 24-də virtual anım tədbiri keçirilib.
Bu barədə "Report"a Baş Konsulluqdan məlumat verilib.
Sosial şəbəkələr üzərindən yayımlanmış tədbirdə nüfuzlu din və icma rəhbərləri, diplomatlar və siyasi xadimlərin çıxışları nümayiş etdirilib.
Xocalı dəhşətləri haqqında ətraflı məlumat verən Azərbaycanın Los Ancelesdəki baş konsulu, Los Anceles Konsulluq Korpusunun sədri (duayeni) Nəsimi Ağayev Xocalı soyqırımının Soyuq Müharibənin yekunundan sonra Avropada ilk soyqırımı olduğunu diqqətə çatdırıb. N.Ağayev 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya Ədalət” beynəlxalq kompaniyası çərçivəsində görülmüş işlər sayəsində Xocalı soyqırmının beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Diplomat, bu səpkidə artıq dünyanın bir neçə dövlətinin və ABŞ-ın 20-dən çox ştatının, o cümlədən Baş Konsulluğun məsul olduğu 7 ABŞ ştatının Xocalı qətliamını tanıdığını və rəsmi şəkildə pislədiyini deyib. Diplomat, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ən sürətlə çağdaşlaşan dövlətlərdən birinə çevrildiyini qeyd edib. 44 günlük Vətən Müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızın azad edildiyini vurğulayan N.Ağayev, bununla tarixi ədalətin bərpa olunduğunu və bu gün həmin ərazilərdə ağıllı texnologiyalara əsaslanan geniş bərpa və quruculuq işlərinə start verildiyini diqqətə çatdırıb. Baş konsul Azərbaycanın regional sülhə hazır olduğunu və bunun üçün vacib addımlar atdığını bildirib.
Xocalı qatillərinin hələ də azadlıqda olduğunu qeyd edən baş konsul N.Ağayev onların tezliklə bu dəhşətli cinayətə görə məsuliyyətə cəlb edilməli olduqlarını vurğulayıb.
Sonra Baş Konsulluğun Xocalı soyqırımı haqda hazırladığı qısa film nümayiş etdirilib.
Tədbirdə Türkiyə baş konsulu Sinan Kuzum, Vaşinqton Ştat Senatının sədri (1915-17) Pam Rouç, İnqlvud İslam Mərkəzinin rəhbəri Caved Bava, Amerika Dini Azalıqlar Mərkəzinin direktoru Dr. Canna Skot, Pakistan Şurasının sədri Adnan Xan, Amerika Türk Assosiasiyaları Assambleyasının sabiq prezidenti Ergün Kırlıkovalı, Los Anceles Beis Knesses Sinaqoqunun ravvini Elxanan Şof, JGM Enternational Prayerlife Institute xristiyan dini təşkilatının dosenti pastor Robin Kornqey, Kaliforniya Zərdüşt Assosiasiyasının baş rahibi Zarrir Bhandara və Kingdom Builders International kilsəsinin təsisçisi Dr. Şarlin Allen çıxış ediblər.
Natiqlər Xocalı soyqırımı dəhşətləri ilə bağlı öz fikirlərini bölüşərək, cinayətkarların məsuliyyətə cəlb olunmasının və gələcəkdə belə faciələrin baş verməməsi üçün Xocalı ilə bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılmasının zəruriliyini vurğulayıb, regionda sülh və əmin-amanlığın bərqərar olması üçün dualar ediblər.
Tədbir Xocalı soyqırımının canlı şahidi, faciə zamanı ermənilərə əsir düşən Dürdanə Ağayeva ilə 2015-ci ildə Los Ancelesdə Baş Konsulluq tərəfindən lentə alınmış video-müsahibənin nümayişi ilə davam edib.
Sonra Azərbaycanın tanınmış kamança ustası İmamyar Həsənovun Xocalı qurbanlarına həsr etdiyi əsər müəllifin ifasında təqdim olunub.