“3+3” regional platformasının beş ölkəsinin xarici işlər nazirləri (XİN) sabah İstanbulda keçiriləcək nazirlər toplantısının yekunları üzrə birgə bəyanat qəbul edəcəklər.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bəyanatda regional məsələlərin birbaşa dialoq vasitəsilə həll edilməsi, həmçinin siyasi mübahisələrin BMT Nizamnaməsinin prinsipləri əsasında - suverenlik, ərazi bütövlüyü, siyasi müstəqillik, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmamaq və insan hüquqlarına hörmət prinsipləri əsasında sülh yolu ilə həll edilməsinin vacibliyi xüsusi vurğulanır.
Qeyd olunub ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Bakı və İrəvan arasında sülh sazişinin imzalanması prosesinə dəstəyini və bununla paralel olaraq Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin başladıldığını vurğulayacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan toplantıda iştirak edəcək ölkələrin XİN başçıları ilə ikitərəfli görüşlər keçirəcəklər.