Azərbaycan və Ermənistan Sovet İttifaqının dağılmasından sonra ilk dəfə münasibətlərinə yenidən baxmaq və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bir-birinin suverenliyini tanımaq imkanı əldə edib.
“Report” xəbər verir ki, bu barədə Almaniyanın “Berliner Zeitung” qəzeti “Ermənistan və Azərbaycanın böyük sülh şansı var” sərlövhəli məqaləsində yazıb.
Məqalədə qeyd olunur ki, iki hərbi əməliyyat - 2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrındakı birgünlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan de-fakto Ukraynanın Qərbin milyard dollarlarla ölçülən maliyyə və siyasi dəstəyinə sahib olmaqla 2014-cü ildən uğrunda mübarizə apardığı şeyi əldə edib - 1991-ci ildə SSRİ-nin dağılmasından sonra beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz milli suverenliyini bərpa edib.
Məqalə müəllifi vurğulayıb ki Azərbaycan postsovet dövründə ilk dəfə bütün ərazisi üzərində suverenliyini həyata keçirir.
Müəllif həmçinin Birinci Qarabağ Müharibəsinin 1988-ci ildə - hələ Sovet İttifaqı dağılmamış, Sovet Vətəndaş Müharibəsi kimi başladığını da xatırladır. “1994-cü ildə müharibə başa çatdıqdan sonra Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsi Ermənistanın işğalı altında qalmışdı”, - o yazır.
“Sovet İttifaqının dağılmasından sonra ilk dəfə tərəflər beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində öz qonşuluqlarını yenidən nəzərdən keçirmək imkanı əldə edib. Bakı və İrəvan hökumətləri, deyəsən, bunu başa düşür: tərəflər arasında dialoq gedir. Dövlət təhlükəsizlik xidmətlərinin rəhbərləri, habelə baş nazirin müavinləri, xarici işlər nazirlikləri və xarici siyasət məsələləri üzrə baş müşavirlər səviyyəsində təmaslar saxlanılır. İki ölkənin hökumət nümayəndələri artıq yeddiyə yaxın görüş keçiriblər”, - məqalədə deyilir.
Müəllif rəsmi açıqlamalara istinad edərək, Aİ və ya ABŞ-nin iştirakı olmadan Bakı ilə İrəvan arasında aparılan ikitərəfli danışıqlar formatının effektiv olmasına diqqət çəkir.
“Bildirilir ki, yaxınlarda Berlində daha bir görüş olacaq. Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında qeyri-rəsmi dialoqa da, görünür, təmin edilib”, - qəzet yazır.
Qeyd edilənlərin yekunu olaraq müəllif vurğulayır ki, noyabrda Bakıda keçirilməsi planlaşdırılan COP29 iqlim konfransına qədər sülh sazişinin imzalanıb-imzalanmayacağı hələ dəqiq deyil. “Lakin hər iki tərəf artıq diplomatik münasibətlərin qurulmasını müzakirə edir”, - o yazır.