"Kanada yerli aborigen xalqların soyqırımı nəticəsində cinayətkar mahiyyət üzərində yaradılıb".
Bunu “Report”a açıqlamasında Milli Məclisin üzvü Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, Ermənistan son yüz il ərzində azərbaycanlılara və Qərbi Azərbaycan ərazisində yaşayan digər azsaylı etnoslara qarşı etnik təmizləmə siyasəti həyata keçirib: "Qafqaz kimi çoxmillətli bir bölgədə monoetnik bir dövlət qurulduğu kimi, Kanada da yerli aborigen xalqların soyqırımı nəticəsində cinayətkar mahiyyət üzərində yaradılıb. Yəni bu gün Kanada və Ermənistan kimi təməli cinayətkarlıqla yoğrulmuş subyektlərin sülh və insanlıq adına bəyanatlar verməsi, etnik təmizləmə barədə mülahizə yürütməsi riyakarlıqdır”.
B.Məhərrəmov bildirib ki, Kanadanın xarici işlər naziri Melani Jolinin Ermənistana səfəri zamanı yenidən Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsi gülüş doğurur: "Bu hal dünyada Kanadanın özünün qeyri-ciddi obrazının inikasıdır. Kanadalı nazirin sanksiyalarla hədələyərək Azərbaycanın ünvanına cəfəng iddialar səsləndirməsi marionetlərin təsirsiz həmrəyliyindən başqa bir şey deyil. Dünyanın ərazicə ikinci böyük dövlətinin xarici siyasət kursunu həyata keçirən bir şəxs ucqar qəsəbə merinin müavini kimi davranır. İrəvana səfəri çərçivəsində Azərbaycanla şərti sərhəddə döyüş mövqeyinə gəlib binoklla Azərbaycanı müşahidə etməsi onun məhz marionet bir dövlətin "naziri"nə layiq formada diplomatik təfəkkürdən və 1961-ci il Vyana Konvesiyası ilə müəyyənləşən diplomatik davranış və normalardan, diplomatik etiketdən nə qədər uzaq olduğunu göstərir. Kanada da Ermənistan kimi yalnız de-yure müstəqildir və bu mənada oyuncaq dövlətlərin marionet iqtidarlarının eyni mövqedən çıxış etməsi təəccüb doğurmamalıdır. Kanada və Ermənistanı hər iki ölkədə dövlət səviyyəsində dəstəklənib törədilən insanlıq əleyhinə çoxsaylı cinayətlərin ehtiva olunduğu cinayətkar keçmiş bağlayır".
Deputat qeyd edib ki, kanada üzv kimi BMT-nin məqsədlərinə, beynəlxalq hüququn tanınmış prinsiplərinə hörmətlə yanaşmağa borcludur: "Kanada reallıqda cinayətkar kökənli, faktiki olaraq qeyri-suveren subyekt olsa da, formal şəkildə BMT-nin müstəqil üzvüdür. BMT-nin Təhlükəsizlik Şurasının dörd, Baş Assambleyasının bir qətnaməsi fonunda 30 il ərzində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına göz yuman, 30 il Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığının qəsb olunmasına, habelə qarşılaşdığımız separatizmlə bağlı susan Kanada bu gün Azərbaycanın yaratdığı yeni reallıqda nəinki söz sahibi ola bilər, ümumiyyətlə, rəy bildirmək haqqına da malik deyil”.
Milli Məclisin üzvü vurğulayıb ki, bu gün Azərbaycanın Qafqazda yaratdığı reallıq yeni nöqtədən gələcəyə baxış imkanı yaradır: “Kanada bu yeni reallığa Qafqazda buraxdığı səhvləri aradan qaldırmaq imkanı kimi yanaşmaqdansa, Melani Jolinin Azərbaycanı sanksiyalarla hədələməsi sadəcə siyasi xamlıq və əbləhlikdir. Kanada Azərbaycanın qlobal mənafelərində hansısa formada rola malik, bəlkə də, sonuncu dövlətdir. Əksinə, Azərbaycanın ABŞ-nin marioneti olan Kanadaya ciddi təsir imkanı var. Kanada özünün uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə Azərbaycan üzərindən təmin edir və ikinci alternativə sahib deyil. Bu mənada biz ən qısa müddətdə ixracı dayandırmaqla və Azərbaycandakı Kanada şirkətlərinin fəaliyyətini məhdudlaşdırmaqla sanksiyanın hansı formada olduğunu bu ölkəyə başa salmalıyıq”.