“İsveç və Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşdırılmasında maraqlıyıq”.
Bunu “Report”un Avropa bürosuna açıqlamasında İsveç Krallığı Riksdaqının (parlamentin) keçmiş deputatı (2014-2018), ekspert Pavel Qamov bildirib.
O qeyd edib ki, İsveçin və Avropanın Azərbaycandan, Qafqaz və Mərkəzi Asiyanın digər ölkələrindən öyrənəcəyi çox şey var:
“Diplomatik münasibətləri daha da yaxşılaşdırmaq üçün əməkdaşlığa çalışmaq lazımdır. Ticarətin həcminin artırılması, turizm, iş səyahətləri və vətəndaş təşkilatları arasında əməkdaşlıq sayəsində İsveç və Azərbaycan daha da yaxınlaşa bilər. İsveç şirkətlərinin bölgədə özlərini təsdiqləmələri üçün böyük imkanları var. Üstəlik, xüsusilə Nobel qardaşları vasitəsi ilə ölkələr arasında tarixi əlaqələr mövcuddur”, - deyə, o əlavə edib.