İstanbulda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib

İstanbulda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərində şəhidlərin anım tədbiri keçirilib.
Xarici siyasət
282
26 Sentyabr , 2021 15:15
İstanbulda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib

Sentyabrın 26-da İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının birinci ildönümü və şəhidlərin Anım Günü ilə əlaqədar anım mərasimi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, hər iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbir Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü və təşkilatçılığı, Sarıyer Bələdiyyəsinin dəstəyi ilə baş tutub.

Tədbirdə çıxış edən Azərbaycanın İstanbuldakı Baş konsulluğunun konsulu Zaur Allahverdizadə, TADEF-in sədri Ədalət Turan və digərləri Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi bu Zəfəri bütün türk dünyasının bayramı kimi qiymətləndiriblər. Bildirilib ki, bütün dünya üçün nümunə olan Qarabağ Zəfəri Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli qərarları, Ordunun cəsarəti və xalqın birliyi nəticəsində əldə olunub. Bu böyük Zəfər eyni zamanda xalqla dövlətin birliyinin ən gözəl nümunəsidir.

Çıxışlarda əsrlərə dayanan Türkiyə-Azərbaycan qardaşlığının dünya durduqca davam edəcəyinə əminlik ifadə edilib.

Tədbirin sonunda Azərbaycanın Dövlət Bayrağının rənglərini özündə əks etdirən şarla havaya uçurulub.

Mərasimdə ölkəmizin İstanbuldakı Başkonsulluğu və Sarıyer Bələdiyyəsinin əməkdaşları, TADEF və qardaş ölkədə fəaliyyət görən digər ictimai qurumların nümayəndələri, Türkiyədə yaşayan həmvətənlərimiz və yerli sakinlər iştirak edib.

10:34

Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərində şəhidlərin anım tədbiri keçirilib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondu və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində əvvəlcə İstanbulun tarixi Ayasofya məscidində şəhidlərin ruhuna sübh namazı qılınıb.

Sonra Ayasofya qarşısında şəhərdə fəaliyyət göstərən yerli və xarici media qurumlarına Türkiyə gəncləri adından bəyanat səsləndirilib.

Bəyanatda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən şanlı Qarabağ Zəfəri qızıl hərflərlə tarixə yazılarkən, Türkiyənin yenə də qardaşının yanında olduğu xatırladılıb.

Bildirilib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Qarabağ müharibəsinin qısa zaman ərzində Azərbaycanın leyhinə biltməsinin əsas səbəbi ölkə Prezidenti İlham Əliyevin qətiyyəti olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günlərindən ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu və qardaşının heç vaxt tək olmadığını söyləyib.

Türkiyə və Azərbaycan qardaşlığı tarix boyunca ən çətin dövrlərdən keçib. 103 il əvvəl, 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycan üçün əhəmiyyətli dönüş nöqtələrindən biri olan Bakını işğaldan azad edib. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin dediyi kimi, “Türk ordusunun Bakıya gəlişi və şəhərin erməni quldur dəstələrinin hücumlarından xilas olması hər bir azərbaycanlının qəlbində yaşayır. Bu çətin dövrdə Azərbaycan türk xalqının köməyini heç vaxt unutmayacaq".

Bu tarixi bağın davamı olaraq Azərbaycan və Türkiyə Prezidentləri bir-birinə "qardaş" deyir, ay-ulduzlu bayraqlarımız bir yerdə dalğalanır. Bu isə dostlarımız üçün qürur, düşmənlərimiz üçün isə ən açıq qorxudur. Vətən müharibəsində əldə olunan qələbə regiondakı güc balansının dəyişməsinə səbəb olsa da, bu, Azərbaycan və Türkiyə arasında yeni birlik və həmrəyliyin növbəti nümunəsi olaraq tarixə düşüb.

Son xəbərlər

Orphus sistemi