İyunun 14-də İstanbulun Haliç Universitetində “Şuşa-Türk Dünyasının Mədəniyyət Paytaxtı” mövzusunda fotosərgi açılıb.
"Report"un yerli bürosu xəbər verir ki, tədbir “İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondu (AGF) ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) dəstəyi ilə baş tutub.
Tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri ilə başlayan tədbirdə hər iki qardaş ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sərginin açılış mərasimində çıxış edən Haliç Universitetinin rektoru professor Zafer Utlu, AGF-nin icraçı direktorunun müavini Qədir Xəlilov, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, ASAP sədri Rafael Hacıbəyli və digərləri qədim tarixə malik Azərbaycan-Türkiyə münasibətlərindən danışıblar.
Qeyd edilib ki, hər zaman olduğu kimi 44 günlük Vətən müharibəsi dövründə də Türkiyə mənəvi və siyasi dəstəyi ilə Azərbaycanın yanında olub. Xüsusilə, Şuşa Bəyannaməsindən sonra iki qardaş ölkə arasındakı əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəlməsinin, ölkələr arasındakı qardaşlıq bağlarının sübutu olduğu vurğulanıb.
Azərbaycan və Türkiyə gənclərinin həmrəyliyi, eləcə də Şuşa Bəyannaməsinin qəbulunun birinci ildönümü ərəfəsində belə bir tədbirin keçirilməsi çıxışçılar tərəfindən yüksək qiymətləndirilib.
Tədbir çərçivəsində professor Zafer Utluya “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən “Azərbaycanın dostu” plaketi təqdim olunub.
Sərgidə Şuşanın işğal dövründə və sonrakı görüntülərini özündə əks etdirən fotolar nümayiş olunur.
Qeyd edək ki, eyni mövzulu sərgi İstanbulun Tuzla rayonunda fəaliyyətə başlayan xalq kitabxanasında da açılıb.