"Bu gün Latviya parlamenti tərəfindən qəbul edilən və 1915-ci il hadisələrini "soyqırımı" kimi tanıyan qərar bizim tərəfimizdən məntiqsiz addım kimi qəbul edilir və qiymətləndirilir. Bu qərarın qəbul edilməsi təəssüf hissi doğurur”.
Bunu “Report”a açıqlamasında Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov deyib.
İşçi qrupun rəhbəri bildirib ki, Ermənistan tarixi saxtakarlıqlara əl atmaqla, faktları təhrif etməklə dünya ictimaiyyətini çaşdırmağa çalışır:
“Tarixdə “erməni soyqırımı” adında heç nə olmayıb. Bunu tarixi faktlar da sübut edir. Heç bir tarixi faktlarla, sənədlərlə təsdiq olunmamış hadisəyə necə qiymət vermək olar?! Xatırladım ki, ermənilər illər boyu türklərə, azərbaycanlılara qarşı kütləvi qırğınlar, soyqırımıları törədiblər. Ermənilərin Xocalı soyqırımını etdikləri sübut olunub. Ancaq çox təəssüf ki, bir çox dövlətlər buna göz yumurlar”.
Deputat hesab edir ki, Latviya parlamenti tərəfindən qəbul edilən “erməni soyqırımı” ilə bağlı qətnaməyə hazırlıqsız insanlar səs verib:
“Çünki soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiyaya əsasən, gərək soyqırımı cinayətinin olması barədə səlahiyyətli məhkəmə orqanının qərarı olsun. “Erməni soyqırımı” ilə bağlı heç bir sənəd, məhkəmə qərarı mövcud deyil. Ona görə də Latviya parlamenti tərəfindən qəbul edilən bu qərarı ədalətsiz adlandırıram. Bir məsələni də qeyd edim ki, Türkiyə və Latviya NATO-nun üzvüdür. Hesab edirəm ki, belə bir qərarın qəbul edilməsi ikitərəfli münasibətlərə xələl gətirəcək”.