İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib

İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib.
Xarici siyasət
24 May , 2022 18:45
İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib.

"Report" xəbər verir ki, görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində müxtəlif istiqamətlərdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, Azərbaycanın bu Təşkilatın fəaliyyətində rolu yüksək qiymətləndirilib.

Torpaqlarımızın Ermənistan tərəfindən işğalı zamanı və Vətən müharibəsi dövründə Təşkilatın Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyin əhəmiyyəti bir daha vurğulanıb.

Bağdad Amreyev işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşaya səfərlərini məmnunluqla xatırlayıb. Qonaq yaxın günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin informasiya və yüksək texnologiyalar nazirlərinin də toplantısının keçiriləcəyini və həmin toplantıda iştirak edən nazirliklərin təmsilçilərinin “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına da qatılacaqlarını diqqətə çatdırıb. O, həmçinin iyunda Şuşada Türk Dövlətləri Təşkilatı çərçivəsində genişmiqyaslı biznes forumun keçirilməsi niyyətinin olduğunu diqqətə çatdırıb, Türk dünyasından olan özəl şirkətlərin və iş adamlarının Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən quruculuq layihələrinə böyük maraq göstərdiklərini bildirib. Bağdad Amreyev Şuşanın 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunduğunu qeyd edib, bu baxımdan Azərbaycan ilə birlikdə Şuşada çoxsaylı mədəniyyət tədbirlərinin keçiriləcəyini deyib.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatı tərəfindən Şamaxı şəhərinin 2023-cü il üçün Türk Dünyasının Turizm Paytaxtı seçilməsinin əhəmiyyəti qeyd edilib və Bağdad Amreyevin Şamaxıya səfərinin türk dövlətləri arasında turizm sahəsində də əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

18:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi