Milyarder Ceff Bezosun Amerika mətbuatının vəziyyətinə reaksiyası ona etimadın nə qədər azaldığını bir daha nümayiş etdirir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, Bezosun məqaləsi milli səviyyədə olan problemlərə toxunur, qlobal miqyasda etimad isə daha da aşağıdır. “Dünya ağ ilə qaranı yaxşı ayırır. Çirkin təbliğat dünyada yalnız ikrah və inamsızlıq doğurur”, - H.Hacıyev yazıb.
“Washington Post”dakı "yoldaşlar", sizin üslubunuz və iş metodologiyanız mənə SSRİ-nin son günlərindəki “Komsomolskaya pravda”nı xatırladır”, - şöbə müdiri qeyd edib.
“Mən xüsusilə COP29 ərəfəsində Azərbaycana qarşı çirkin təbliğat kampaniyası aparan “Washington Post”un, eləcə də Konqres nümayəndələrinin diqqətini Ceff Bezosun oxucuların media orqanlarına etibar səviyyəsinin nə qədər aşağı düşdüyünü əks etdirən məqaləsinə cəlb etmək istərdim”, – o bildirib.
Cəsarətli və haqlı tənqidində Bezos sahibi olduğu “Washington Post” və digər media orqanlarının timsalında göstərir ki, illik ictimai etimad və reputasiya sorğularında media qurumları və jurnalistlər müntəzəm şəkildə demək olar ki, onlar müntəzəm olaraq ən aşağı səviyyədə, çox vaxt Konqresdən bir az yuxarıda qərarlaşır.
"Lakin “Gallup” təşkilatının sorğusuna əsasən, bu il biz daha da, hətta Konqresdən də aşağı səviyyəyə düşməyi bacardıq. Bizim peşəmiz indi ən az etibara malik peşədir", - C.Bezos yazıb və qeyd edib ki, etibardan düşən təkcə ona məxsus olan “Post” deyil.
"Washington Post” və “New York Times” mükafatlar alır, lakin biz getdikcə yalnız müəyyən elita ilə ünsiyyətdə oluruq, daha çox özümüzlə danışırıq", – o vurğulayıb.