Gürcüstanda Heydər Əliyevin 102-ci ildönümü silsilə tədbirlərlə qeyd olunub
- 10 may, 2025
- 12:19
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Gürcüstanda silsilə anım tədbirləri keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, mayın 10-da Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, azərbaycanlı iş adamları, jurnalistlər, ictimaiyyət nümayəndələri və məktəblilər Tbilisidə yerləşən Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət ediblər.
Parkda Heydər Əliyevin büstü önündə onun zəngin həyatı və çoxşaxəli siyasi fəaliyyətini əks etdirən sərgidə fotoşəkillər, arxiv materialları və tarixi sənədlər ziyarətçilərə təqdim olunub.
Tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər, abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Eyni zamanda, Heydər Əliyevin Rustavi şəhərində ucaldılmış abidəsi də ziyarət olunub, xatirəsi ehtiramla anılıb.
Bundan başqa, səfir Faiq Quliyevin iştirakı ilə Marneuli rayonunda da Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.