​Gürcüstan parlamentinin nümayəndələri erməni separatçılığına sərt etiraz ediblər

​Gürcüstan parlamentinin nümayəndələri erməni separatçılığına sərt etiraz ediblər "Belə hərəkətlərə heç bir halda yol vermək olmaz"
Xarici siyasət
17 Fevral , 2016 12:21
​Gürcüstan parlamentinin nümayəndələri erməni separatçılığına sərt etiraz ediblər

Tbilisi. 17 fevral. REPORT.AZ/ Gürcüstan Parlamentinin deputatları Ermənistan mətbuatının guya Gürcüstan hökumətinin ölkədə türklərə və azərbaycanlılara daha çox üstünlük verməsi, erməniləri sıxışdırması, həmçinin xristian dininə sitayiş edən digər qeyri-gürcü xalqlarının hüquqlarını pozması barədə son günlər yaydıqları yalan məlumatlara sərt etirazlarını bildiriblər.

Parlamentdəki “Gürcü arzusu” fraksiyasının rəhbəri Qeorqi Volski fraksiya adından etiraz bəyanatı ilə çıxış edib.

Q.Volski "Report"a müsahibəsində deyib ki, Ermənistan mətbuatı Gürcüstanın Cavaxetiya bölgəsindən olan Vaaqn Çaxalyanın heç bir etikaya sığmayan müraciətini yaymaqla böyük səhvə yol veriblər: "Qatı millətçi olan Çaxalyanın bəyanatı birmənalı şəkildə Gürcüstanın Azərbaycan və Türkiyə, eləcə də Ermənistanla münasibətlərinin pozulmasına yönəldilmiş təxribatçı hərəkətdir. Şərqdə baş verən mürəkkəb proseslər zamanı bu cür bəyanatlar Gürcüstanın qonşu ölkələrlə dostluq və iqtisadi əlaqələrini, biznes layihələrini zərbə altında qoyur".

O qeyd edib ki, ilk növbədə bu, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir, çünki bu yolun Gürcüstan ərazisindən keçən böyük bir hissəsi Cavaxetiya bölgəsindədir: “Nəzərə alsaq ki, bu dəmir yolu magistralı təkcə iqtisadi baxımdan deyil, xüsusilə də, Qərblə Şərq arasında münasibətlərin dərinləşməsində mühüm rol oynayan beynəlmilləl bir layihədir, onda belə hərəkətlərə heç bir halda yol vermək olmaz”.

Fraksiyasının rəhbəri dövlət strukturlarının bu faktlara dərhal reaksiya verməyinin vacibliyini vurğulayıb: “Çaxalyanın bugünkü fəaliyyəti bizim dövlətçiliyimizə qarşıdır və eyni zamanda, Gürcüstanda yaşayan etnik azərbaycanlılarla ermənilər arasında yeni münaqişə ocağının yaranmasına xidmət edir. Bu da müvafiq dövlət strukturlarından bu və digər faktlara dərhal reaksiya verməyi tələb edir. Bizim dövlətimiz bu cür təxribatçı hərəkətlərin qarşısını almağa və regional layihələrin və milli etniklərin təhlükəsizliyini qorumağa qadirdir”, - deyə, Q.Volski vurğulayıb.

Hakim partiyadan olan deputat Mahir Dərziyev də məsələyə münasibət bildirib. M.Dərziyev deyib ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə çox gözəl dostluq və qonşuluq münasibətləri var: "Biz xüsusilə Azərbaycan ilə strateji tərəfdaşıq. Bu gün bu üç ölkənin birbaşa iştirakı ilə regionda çox mühüm layihələr həyata keçirilir. Bu da təbii ki, bizi istəməyən qüvvələrin qısqanclığına səbəb olur".

Deputat bildirib ki, Çaxalyanın bu cür bəyanatları onun tərəfində olan qüvvələrin daha böyük məqsədlərə hesablanmış addımlarıdır: "Qarşıdan parlament seçkiləri gəlir və bəzi qüvvələr bundan öz məqsədləri üçün istifadə edə bilərlər. Digər tərəfdən də bu cür bəyanatlar bəzi qüvvələrin pozuculuq maraqlarına xidmət edir. Amma əminəm ki, Gürcüstanın müvafiq dövlət və hökumət strukturları bu cür bəyanatlara kəskin reaksiya verəcəklər. Çaxalyan və onun kimilər öz hərəkətlərinə görə, layiqli cəzalarını alacaqlar”, - deyə Dərziyev vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın Cavaxetiya bölgəsindən olan Vaaqn Çaxalyan bu ölkədə milli, etnik zəmində qarşıdurmalar yaratdığına görə dəfələrlə məsuliyyətə cəlb olunub. Çaxalyan Cavaxetiya bölgəsinin zorla Gürcüstandan alınaraq Ermənistana birləşdirilməsinə çalışıb. 2009-cu ildə ictimai asayişi ciddi şəkildə pozduğuna, eləcə də yenidən milli, dini və irqi zəmində qarşıdurmalar yaratdığına görə uzun müddətə azadlıqdan məhrum edilmişdir. 

2013-cü ilə hökumətin elan etdiyi amnistiya aktı ilə Çaxalyan da azadlığa buraxılmışdı. Yenidən fəallaşmağa başlayan Çaxalyan erməniləri və digər xristianları azərbaycanlılara və türklərə qarşı mübarizəyə səsləyib.

Son xəbərlər

Orphus sistemi