G-20 sammitinə dəvət Azərbaycanın qlobal proseslərdə artan roluna verilən mühüm qiymətdir – Rəy

Xarici siyasət
  • 03 noyabr, 2026
  • 18:52
G-20 sammitinə dəvət Azərbaycanın qlobal proseslərdə artan roluna verilən mühüm qiymətdir – Rəy

ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət etməsi Azərbaycanın qlobal proseslərdə artan roluna verilən mühüm qiymətdir.

Bunu "Report"a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O qeyd edib ki, Azərbaycan G20-nin üzvü olmadığı halda, möhtərəm Prezident İlham Əliyev ABŞ Prezidentinin dəvəti ilə bu mötəbər tədbirdə iştirak edəcək liderlər sırasında yer alması xüsusilə diqqətəlayiq məqamdır:

"Bu dəvət Azərbaycanın qlobal gündəlikdə nəzərə alınan, mövqeyi ilə hesablaşılan və beynəlxalq əməkdaşlıq proseslərində iştirakına ehtiyac duyulan dövlətlərdən biri olduğunu göstərir. Bu reallığın arxasında, şübhəsiz ki, Prezident İlham Əliyevin illər ərzində formalaşdırdığı ardıcıl, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət strategiyası dayanır".

Səbinə Salmanova
Deputat vurğulayıb ki, dövlət başçısı mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın müstəqil qərarvermə imkanlarını qoruyub saxlayaraq müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlara söykənən münasibətlər qurmağa nail olub:

"Azərbaycanın bu gün beynəlxalq siyasi proseslərdə diqqət mərkəzində olmasının səbəbləri kifayət qədər konkretdir. Ölkəmiz Şərqlə Qərb arasında mühüm nəqliyyat və logistika qovşağıdır, Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Xəzər hövzəsində strateji mövqeyə malikdir. Eyni zamanda, Türk dünyasının aparıcı dövlətlərindən biri kimi regional və beynəlxalq əməkdaşlıq təşəbbüslərində fəal iştirak edir. Bütün bunlar Azərbaycanın geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, onu qlobal miqyasda etibarlı və məsuliyyətli tərəfdaşa çevirir".

Parlamentari qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində yalnız regional proseslərin iştirakçısı deyil, həm də qlobal əməkdaşlığın mühüm istiqamətlərinə töhfə verən dövlətdir:

"Cənab Prezident İlham Əliyevin şəxsi siyasi nüfuzu, prinsipial mövqeyi, diplomatik təcrübəsi və müstəqil siyasəti ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində həlledici rol oynayır. G20 dəvəti də məhz bu reallığın növbəti təsdiqidir. Bu, Azərbaycanın beynəlxalq aləmdə qazandığı etimadın, dövlətimizin başçısının liderlik keyfiyyətlərinə verilən qiymətin və ölkəmizin artan geosiyasi əhəmiyyətinin ifadəsidir. Ən başlıcası, bu dəvət müstəqil Azərbaycan dövlətinin dünyada öz sözünü deyən, milli maraqlarını qətiyyətlə müdafiə edən və beynəlxalq proseslərdə mövqeyi ilə seçilən bir ölkə kimi qəbul olunduğunu göstərir".