Bakı müstəmləkəçilik probleminin açıq müzakirəsi üçün əla platformadır.
“Report” xəbər verir ki, bunu gender məsələləri üzrə ekspert, Pan-Afrika hərəkatının lideri Elizabet Mekoqu Obama Epse Ncella “Afrikada Fransanın neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Bakı insanların öz mövqeyini açıq şəkildə ifadə edə bildikləri məkandır. Bizim xahişimiz budur: müstəmləkə altında olan xalqların öz sözünü deməsinə icazə verin. Onlar öz iztirablarını dünyaya çatdırmalıdırlar", - o bildirib.
Ekspertin sözlərinə görə, Bakının neokolonializmlə mübarizəyə göstərdiyi dəstək digər ölkələr üçün nümunə olmalıdır.
"Belə bir təşəbbüsün olması ilə fəxr etmək lazımdır. Bu, bütün dünyada müstəmləkəçilikdən və neokolonializmdən əziyyət çəkən insanlara buna qarşı çıxmaq imkanı verir", - E.Ncella vurğulayıb.