Baş nazir Əli Əsədov Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının video-konfransında Şura üzvlərinin diqqətini regionda münaqişədən sonrakı vəziyyətə də cəlb edib.
Bu barədə "Report"a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
O, münaqişənin keçmişdə qaldığını qeyd edərək, bir daha Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırıla bilən olmağa sadiqliyini ifadə edib. Baş nazir deyib:
“Bizim siyasətimiz tamamilə açıq və aydındır. Biz Cənubi Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət regionuna çevrilməsi məqsədilə konstruktiv dialoq və birgə iş üçün açığıq”.
Sülh sazişi ilə əlaqədar Azərbaycanın irəli sürdüyü beş əsas prinsipin Ermənistan tərəfindən qəbul edildiyini bildirən Baş nazir deyib:
“Bu beş prinsip beynəlxalq hüququn əsas prinsipləridir, BMT-nin Nizamnaməsinə və Helsinki Yekun Aktına müvafiqdir”.