Elçin Qasımov: Azərbaycan NATO ilə enerji obyektlərinin qorunmasında əməkdaşlıqda maraqlıdır
- 15 dekabr, 2025
- 15:17
Azərbaycan minatəmizləmə, kritik enerji obyektlərinin mühafizəsi, o cümlədən terror hücumlarından qorunması məsələlərində NATO ilə əməkdaşlığa maraq göstərir.
Bunu "Report"a müsahibəsində Slovakiyanın Bakıdakı səfiri, NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliklərinin (NATO Contact Point Embassies, CPE) rəhbərlərindən biri Elçin Qasımov deyib.
Səfir xatırladıb ki, NATO ilə tərəfdaş ölkə arasında əməkdaşlıq əsasən tələbatla müəyyən olunur və həm ölkənin öz prioritetlərindən, həm də Şimali Atlantika blokunun maraqlarından asılıdır.
"Azərbaycan etibarlı tərəfdaşdır və NATO-ya üzv ölkələr və digər tərəfdaş ölkələrlə müdafiə, kibertəhlükəsizlik və terrorla mübarizə daxil olmaqla bir çox sahələrdə əməkdaşlıq edir", - o əlavə edib.
E.Qasımovun sözlərinə görə, Azərbaycan həmçinin Kosovo və Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi missiya və əməliyyatlara əhəmiyyətli töhfə verib və tərəfdaşlığın qərargah vəzifələrinin yaradılması təşəbbüsü sayəsində NATO-nun hərbi strukturlarında fəal iştirakını davam etdirir.
O deyib ki, NATO-nun əlaqələndirici səfirliklərinin əsas vəzifəsi ev sahibi ölkə ilə sıx əməkdaşlıq çərçivəsində Alyansın tərəfdaşlıq təşəbbüslərini və ictimaiyyətin məlumatlandırılması səylərini dəstəkləməkdir.
"Slovakiya və İsveçin Azərbaycandakı səfirlikləri NATO ilə bağlı, eləcə də Azərbaycanın bu blokla tərəfdaşlığının üstünlükləri haqqında məlumatı yerli auditoriyaya çatdırmaqda kömək edir. Məsələn, biz bir neçə dəfə NATO Qərargahı və Gürcüstandakı Əlaqələndirmə Ofisinin (Cənubi Qafqazda regional mandata malik) əməkdaşlarının səfərlərinə kömək etmişik. Belə səfərlərin sayı sabit şəkildə artır. Biz həmçinin ADA Universitetində azərbaycanlı tələbələr və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə ictimai diplomatiya tədbirinin təşkilinə kömək etmişik.
Bundan əlavə, biz mütəmadi olaraq NATO ilə Azərbaycan arasında cari əməkdaşlıq, o cümlədən NATO mobil təlim qruplarının ölkədə həyata keçirilən çoxsaylı proqramları haqqında məlumatları açıqlayırıq. Gələcəkdə Bakı şəhərindən kənarda da daha geniş ictimaiyyətə çıxış imkanının yaranacağına ümid edirik", - o deyib.
Səfirlərlə müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.