Macarıstan Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi statuslu üzvüdür, lakin təşkilatın işində iştirakı tamhüquqlu üzv kimi baş verir.
Bu barədə "Report"a açıqlamasında Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi, professor Vaşa Lazlo bildirib.
Onun sözlərinə görə, Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammiti kimi görüşlər Macarıstanın türk dünyasında mövqeyini daha da möhkəmləndirir: “Üstəlik, Avropa İttifaqına sədrlik edən Macarıstan diqqəti Mərkəzi Asiya və türk dövlətləri ilə əlaqələrin vacibliyinə yönəltməyə çalışır”.
O, Budapeştin Bakı ilə xüsusi strateji, dostluq münasibətlərini ən yüksək səviyyədə saxladığını, ona görə də görüşün ikitərəfli gündəliyin cari məsələlərinin müzakirəsi baxımından da mühüm əhəmiyyət daşıdığını qeyd edib: “Bununla belə, qarşılıqlı investisiyalar, ticarət və turizm məsələləri ilə bağlı bürokratik maneələrin aradan qaldırılması üçün hələ də görülməli olan işlər var. Bundan başqa, iki paytaxt arasında birbaşa uçuşların sayının artırılması və əlaqələrin inkişafına yönəlmiş müəyyən infrastruktur layihələrinin həyata keçirilməsinin sürətləndirilməsi də vacib olardı”.