Dünya ölkələrinin liderləri Prezident İlham Əliyevi təbrik edirlər

Dünya ölkələrinin liderləri Prezident İlham Əliyevi təbrik edirlər Təbrik məktubları 28 May - Respublika Günü münasibətilə ünvanlanıb
Xarici siyasət
23 May , 2016 18:57
Dünya ölkələrinin liderləri Prezident İlham Əliyevi təbrik edirlər

Bakı. 23 may. REPORT.AZ/ Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli İlham Heydər oğlu.

Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında çoxəsrlik dostluq münasibətləri ölkələrimiz və xalqlarımız naminə bundan sonra da durmadan möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına sülh və əmin-amanlıq diləyirəm".

Bundan əlavə, Polşa Respublikasının Prezidenti Andjey Duda da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib: 

"Hörmətli cənab Prezident,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı Polşa xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, ölkənizə, vətəndaşlarınıza və şəxsən Zati-alinizə firavanlıq diləyirəm.

Avropa İttifaqı ilə Azərbaycan arasında Strateji Əməkdaşlığa dair yeni Razılaşmanın regionda və qitədə sabitliyin, təhlükəsizliyin gücləndirilməsinə xidmət edən qarşılıqlı səmərəli əməkdaşlıqda yeni mərhələ olacağına əminəm.

Ölkələrimizin hərtərəfli əməkdaşlığının uğurlu inkişaf perspektivlərini nəzərə alaraq, iqtisadi əlaqələrlə yanaşı, mədəni, elmi və gənclər arasında münasibətlərin dərinləşməsinin vacib olduğunu düşünürəm. Bu əlaqələr illərdən bəri dostluq münasibətləri olan xalqlarımız arasında dialoqun daha da genişlənməsinə imkan yaradacaq.

Möhtərəm cənab Prezident, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqına rifah arzu edirəm".

Eyni zamanda, Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib: 

"Zati-aliləri,

28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bizim sıx əlaqələrimiz ildən-ilə daha da güclənir. Biz bölgələrimizdə sülh və sabitliklə bağlı maraqlarımızı və fikirlərimizi bölüşürük. Biz mühüm milli məsələlərdə bir-birimizə dəstək olmuşuq və dəstək olmağa davam edəcəyik. Mən əminəm ki, bizim qarşılıqlı mənafelərimiz naminə bütün sahələrdə strateji əməkdaşlığımız daha da möhkəmlənəcək.

Mən Zati-alinizin cansağlığı və Azərbaycan xalqının rifah, tərəqqi və firavanlığı üçün dua edirəm.

Zati-aliləri, mənim dərin hörmətimi və xoş arzularımı qəbul edin".

Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib: 

"Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Cənab Prezident, Birləşmiş Ərəb Əmirlikləri xalqının milli bayramınız münasibətilə böyük fərəh hissi keçirdiyini Azərbaycan xalqına çatdırmağınızı rica edirəm.

Əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm.

Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımı ifadə edirəm".

Eyni zamanda, Malayziyanın XIV Kralı Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişahan da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib: 

"Zati-aliləri,

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını öz adımdan və Kraliça adından səmimi qəlbdən təbrik edirəm.

Əminik ki, Sizin rəhbərliyiniz ilə Azərbaycan Respublikası uğurlu inkişafını davam etdirəcək".

Son xəbərlər

Orphus sistemi