"Biz Qoşulmama Hərəkatına üzv olduq. Yadımdadır, o vaxt bəziləri bunu səhv addım kimi qiymətləndirirdi. Ancaq mən bilirəm ki, bu, düzgün addım idi. Üzv olan kimi, dərhal 120 ölkənin dəstəyi ilə münaqişəyə dair qətnamə qəbul etdirdik - bizim maraqlarımıza xidmət edən qətnaməni. Bu gün Qoşulmama Hərəkatının sədri kimi öz sözümüzü dünya miqyasında deyirik. Onu da bir daha demək istəyirəm ki, müharibə zamanı BMT Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı bizə sərf etməyən qərəzli anti-Azərbaycan təşəbbüslərinin qarşısının alınmasında Qoşulmama Hərəkatına üzv ölkələr öz sözünü dedi. Bu təşəbbüs baş tutmadı".
“Report” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqa təbrikində deyib.
Dövlət başçısı bildirib:
"Biz İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələr qurduq. Tarixdə bu gün bu əlaqələr ən yüksək zirvədədir. İslam Əməkdaşlıq Təşkilatı bu münaqişə ilə bağlı düzgün, həqiqəti əks etdirən, beynəlxalq hüququ əks etdirən qətnamələr qəbul etdi. Biz müsəlman ölkələri ilə təmaslar əsnasında onlara erməni vəhşilikləri haqqında məlumat çatdırırdıq. Dağıdılmış, təhqir edilmiş məscidlərin şəkillərini mən öz həmkarlarıma göstərmişdim və sual verirdim ki, siz bundan sonra bu ölkə ilə necə əlaqələr qurursunuz? Bu şəkilləri görəndən sonra siz onlarla necə görüşürsünüz, onların əlini sıxırsınız? Axı, bütün bu vəhşiliklər təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı edilən cinayətdir".