“Bu il dekabrın 18-19-da Bakıda Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası Katibliyinin fəaliyyətinin təşkili ilə bağlı sənəd layihələrinin hazırlanması üzrə xüsusi ekspert qrupunun ilk müşavirəsinin keçirilməsi barədə razılıq əldə olunub. Bu da konstruktiv dialoqa və mövqelərin yaxınlaşmasına imkan yaradacaq”.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən görüşündə deyib.
Nazir xatırladıb ki, Xəzər dənizinin dayazlaşdırılması məsələsi 6-cı Xəzər sammitində Xəzəryanı ölkələrin başçılarının hərtərəfli müzakirələrinin predmetinə çevrilib.
C.Bayramov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Xəzər dənizinin dayazlaşmasının qarşısının alınması üçün səbəblərin və tədbirlərin müəyyən edilməsi üçün ekspert qrupunun yaradılmasını təklif edib: "Hazırda Bakı şəhərində ekspertlərin görüşünün təşkili istiqamətində işlər aparılır. Xüsusilə, müvafiq gündəliyin konsepsiyası, iş proqramı və s məqamlar üzrə format hazırlanır. Əminəm ki, ekspert qrupunun uğurlu fəaliyyəti bizə Katibliyin Bakı şəhərində yerləşdirilməsi prosesinə başlamağa imkan verəcək”.