“Regiondakı son durum, postmünaqişə dövründə Azərbaycanın gördüyü işlər barədə həmkarımı məlumatlandırdım".
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranla birlikdə keçirdiyi brifinqdə deyib.
“Yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin Qarabağa qayıtması barədə həmkarımı məlumatlandırdım. Ötən ay ilk məcburi köçkünlərimizin işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə qayıtması baş tutdu. Hesab edirəm ki, bu, böyük qayıdışın başlanğıcıdır”, - o bildirib.
Eyni zamanda Ceyhun Bayramov əlcəzairli həmkarını Azərbaycanla Ermənistan arasında davam edən proseslər, o cümlədən Ermənistanın tərəfinin qeyri-konstruktiv siyasəti barədə məlumatlandırıb.
XİN başçısı həmçinin ərazidə baş tutan minatəmizləmə işlərindən də danışıb.