Xarici işlər naziri Ceyhun Bayramov Polşanın paytaxtı Varşava şəhərində Azərbaycanşünaslıq üzrə I Avropa Konfransı çərçivəsində “Bölgədə yeni reallıqlar: Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının və davamlı sülhün perspektivləri” mövzusunda tədbirdə avropalı tədqiqatçıları Ermənistanın təxribatları barədə məlumatlandırıb.
Bu barədə "Report"a XİN-dən bildirilib.
Avropadan 30-a yaxın düşüncə və tədqiqat mərkəzlərinin nümayəndələrinin qatıldığı tədbirdə C.Bayramov çıxış edib.
O, Azərbaycanın xarici siyasət prioritetləri, Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar nəzərə alınmaqla bölgədə sülh və əmin-amanlığın təmin edilməsi istiqamətində səyləri barədə ətraflı məlumat verib. Nazir, eyni zamanda Ermənistanla sülh gündəliyi üzrə təkliflər, aparılan danışıqlarda Azərbaycanın mövqeyi və yanaşması barədə iştirakçıları məlumatlandırıb.
Azərbaycanın bölgədə apardığı bərpa və quruculuq işlərinin, kommunikasiyaların açılması istiqamətində fəaliyyətin bütün bölgənin rifahı üçün əhəmiyyətli olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində səylərinə və təkliflərinə baxmayaraq, Ermənistanın 2020-ci il Üçtərəfli Bəyanatdan və Azərbaycan-Ermənistan liderləri arasında digər razılıqlardan irəli gələn öhdəliklərini yerinə yetirməməsi, normallaşma prosesinə və bölgədə davamlı sülhün bərqərar olmasına maneçilik törətdiyi bildirilib. Bölgədə davam edən mina təhdidləri və Ermənistan tərəfindən bu istiqamətdə həyata keçirilən təxribatlara diqqət yönəldilib.