Fuad Nağıyev: "Beynəlxalq turizm platformaları Azərbaycanı daha geniş tanıdılmasına şərait yaradır"

Turizm
  • 27 oktyabr, 2026
  • 17:27
Fuad Nağıyev: Beynəlxalq turizm platformaları Azərbaycanı daha geniş tanıdılmasına şərait yaradır
Fuad Nağıyev

Azərbaycanın beynəlxalq turizm platformalarında təmsil olunması və nüfuzlu tədbirlərə ev sahibliyi etməsi ölkənin zəngin mədəni irsinin, ənənələrinin və turizm imkanlarının dünyada daha geniş tanıdılmasına şərait yaradır.

"Report" Dövlət Turizm Agentliyinə (DTA) istinadən xəbər verir ki, bunu Agentliyin sədri Fuad Nağıyev Bakıda keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində çıxışı zamanı bildirib.

F. Nağıyev BMT Turizmlə uğurla davam edən əməkdaşlığını vurğulayıb.

Paneldə turizm vasitəsilə inklüzivliyin, mədəni mübadilənin və icma liderliyinin təşviqinə töhfə verən beynəlxalq təşəbbüslərin nümayəndələri çıxış ediblər.

Panel sessiyada DTA tərəfindən tabeliyindəki qoruqlarda yerləşən tarixi-mədəni irsin qorunması və dayanıqlı inkişafı istiqamətində görülən işlər, qoruqlarda yaradıcı fəaliyyətlərin təşviqi və tarixi-mədəni irs obyetlərində yerli icmalar üçün yeni imkanların yaradılması ilə mədəni irsin qorunmasına töhfə verilməsi məsələləri təqdim edilib.

Həmçinin sessiyada turizmin sosial inklüzivliyin təşviqi, turizm imkanlarından bərabər istifadə şəraitinin yaradılmasının icmaların rifahının yüksəldilməsi, sosial həmrəyliyin və sülhün möhkəmləndirilməsindəki rolu müzakirə olunub. Eləcə də qadınların turizm sahibkarlığında iştirakının artırılması, əlilliyi olan şəxslər üçün əlçatan turizm mühitinin yaradılması, eləcə də kənd və yerli icmaların turizmin inkişafında fəal iştirakının təmin edilməsi kimi məsələlər haqqında təqdimatlar edilib.

Qeyd edək ki, bu gün DTA və BMT Turizmin birgə təşkilatçılığı ilə "Ortaq gələcək naminə turizm: inklüzivlik, bərabərlik və icma liderliyi sülhün təməllərini necə möhkəmləndirir" mövzusunda panel sessiya təşkil edilib.

44 filmi