Dünya heç bir ölkənin təkbaşına həll edə bilməyəcəyi geniş spektrli problemlərlə mübarizə aparmağa davam edir.
“Report” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində “Heç kimi geridə qoymayaq: indiki və gələcək nəsillər üçün sülhün, davamlı inkişafın və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək” mövzusunda çıxış edərkən söyləyib.
Onun sözlərinə görə, dərinləşən qlobal iqlim böhranı, artan bərabərsizlik, yaranan fikir ayrılıqları və yüksələn gərginlik “kökən və məskənimizdən asılı olmayaraq hamımıza təsir edir”.
“Çoxtərəfli münasibətlərin işlədiyini və heç kimi geridə qoymadan fəaliyyət birliyini təmin edə biləcəyini göstərmək vaxtı gəlib”, – ölkənin baş diplomatı vurğulayıb.
XİN başçısı qeyd edib ki, beynəlxalq siyasətin hazırkı durumu fikir ayrılıqlarına səbəb olur, beynəlxalq hüququn ümumqəbul edilmiş fundamental norma və prinsipləri nəzərə alınmır və yanlış şərh edilir.