ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Rusiyanın Ukraynada apardığı müharibə ilə bağlı məqalə yazıb.
“Report” məqaləni təqdim edir:
"Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı apardığı səbəbsiz və ədalətsiz müharibə dəhşətli zorakılığa, çoxsaylı insan itkiləri və dağıntılara səbəb olmuşdur. Dünya Buça, İrpin, Hostomel, habelə Rusiya ordusu tərəfindən mühasirədə olan Mariupol kimi şəhərlərin görüntülərini izləyərkən bu müharibə dəhşətlərinin şahidi olmuşdur.
Azərbaycan xalqı sözügedən dağıntılar və zorakılıq barədə öz televizorlarını açarkən və ya Ukraynada yaşayan dost və ailələri ilə danışarkən xəbər tutmuşdur. Günahsız Azərbaycan vətəndaşları da daxil olmaqla Ukraynada qadın və uşaqların, gənc insanların, hətta yeni doğulan körpənin faciəvi şəkildə həyatlarını itirməsi məni dərindən kədərləndirmişdir.
Hücum şəkilində həyata keçirilən bu zorakılıq mülki insanlara ölüm və xəsarət yetirərək xəstəxanalar, məktəblər, uşaqların sığınacağı olan teatr binası və dəmir yol stansiyası da daxil olmaqla infrastrukturu yerlə yeksan etmişdir. Sözügdən dəhşətlər heç bir zaman unudulmayacaq bir milli faciəyə çevrilmişdir. Azərbaycanın konsulluğu da hücum zamanı zərər çəkmişdir. Müharibə Ukraynada yaşayan və işləyən minlərlə Azərbaycan vətəndaşına birbaşa təsir etmişdir. Azərbaycan buna cavab olaraq Ukrayna xalqına humanitar yardım, tibbi ləvazimatlar və yanacaqla dəstək oldu.
Ukraynada baş verən bu dəhşətli hadisələr sadəcə əmrə tabe olmayan əsgərlərin törətdiyi ayrı-ayrı hallar deyil. Sözügedən faktlar göründüyü kimi düşünülmüş və narahatlıq doğuran işgəncə, zorlama, qətl və digər vəhşilikləri özündə əks etdirən bir kampaniyadır. Bu vəhşiliklərin həyata keçirilməsi üçün əmr verənlər və onları həyata keçirənlər məsuliyyətə cəlb olunmalıdır.
Aprelin 28-i Kiyevə yönəldilən raket hücumu Rusiya tərəfinin mülki insanların həyatlarına açıq-aşkar etinasız yanaşmasını göstərmişdir. Birləşmiş Millətlər Təşkilatı 23 may tarixinə olan məlumata əsasən, 8 400-dən çox ukraynalı mülki şəxsin yaralanması və ya həyatını itirməsini təsdiqləmişdir. Bununla yanaşı BMT ehtimal edib ki, həqiqi itkilərin sayı xeyli yüksək ola bilər. Rəsmilər qeyd etdikləri kimi, hallandırılan rəqəmlərə 10,000 mülki insandan çox itki vermiş Mariupol şəhəri daxil edilməmişdir. Mariupol qurbanları arasında holokost əzabına tab gətirən və sağ qalan, lakin Kremlin tətbiq etdiyi mühasirə zamanı zirzəmidə həyatını itirən 91 yaşlı qadın var idi. Nasistlərin əsarətinə tab gətirən bu qadın Rusiyanın aqressiyası zamanı məhv oldu.
Prezident Bayden və Dövlət Katibi Blinken Rusiya hərbi qüvvələri tərəfindən Ukraynada əyani şəkildə həyata keçirilən hərbi cinayətləri pisləmişdir. Birləşmiş Ştatlar Ukraynada yer alan vəhşiliklərin beynəlxalq istintaqı ilə məşğul olan bir neçə təşkilatı dəstəkləyir. Bu sıraya Beynəlxalq Cinayətlər Məhkəməsi, Birləşmiş Millətlər Təşkilatı və ATƏT-də daxildir. Biz həmçinin insan hüquqlarının pozulmasını sənədləşdirən vətəndaş cəmiyyəti nümayəndələri və qeyri-hökumət təşkilatlarına da dəstək göstəririk.
Beynəlxalq ictimaiyyətdə Rusiyanın etdiyi əməllərin dözülməz olmasına dair tam razılıq mövcuddur. Habelə zorakılığa, beynəlxalq sülhə və təhlükəsizliyə dəstək prinsiplərinin pozulmasına görə məsuliyyət daşıyanların cəzalanmasına dair konsensus əldə olunub. Cinayət tətbiqləri də daxil olmaqla əlimizdə olan bütün imkanlardan istifadə edərək biz müttəfiqlərimizlə birgə işləyib Ukraynada hərbi cinayət və vəhşilikləri törədənləri məsuliyyətə cəlb edəcəyik.
Bizim Rusiyanın hərbi və siyasi rəhbərliyinə, habelə hərbi cinayətlər və vəhşiliklər törədənlərə olan ismarışımız budur: dünya sizi izləyir və siz törətdiyiniz əməllərə görə cavab verməli olacaqsınız. Biz rus qüvvələrinin Buça kimi dağıdılmış şəhərlərdə həyata keçirdiyi qəddar əməlləri əks etdirən şəkilləri xatirəmizdə saxlayırıq. Bu təsvirlər dəhşət doğurur və susmaq niyyətində olmayan ABŞ hökuməti günahkarları məsuliyyətə cəlb etməkdə israrlıdır. Azərbaycan hökuməti və xalqının Ukraynaya göstərdikləri humanitar yardım məni çox təsirləndirmişdir. Bilirəm ki, siz də bu faciəni tez bir zamanda unutmayacaqsınız.
Biz Ukraynaya özünü müdafiə etmək üçün lazım olan silah və sursatlar, habelə Kremlin qəddar və mənasız müharibəsindən əziyyət çəkənləri humanitar yardım ilə təmin etməyə davam edəcəyik".