Yanvarın 20-də Moskvada, Azərbaycanın Rusiyadakı səfirliyində Qara Yanvar qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.
“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda 20 Yanvar gecəsi həlak olanların xatirəsinə ucaldılmış xatirə abidəsi, eləcə də Azərbaycan səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyub.
Jurnalistlərə açıqlamasında səfir qeyd edib ki, o dəhşətli gecədən 31 il keçib, lakin neçə il keçir keçsin, Azərbaycan xalqı bu günü heç vaxt unutmayacaq.
“Faciə dəhşətlidir, çünki biz bir ölkənin vətəndaşları idik. Bunun Sovet dövründə olduğunu xüsusi vurğulamaq istəyirəm. Müasir Azərbaycan bu dəhşətli günü heç vaxt demokratik Rusiya ilə əlaqələndirmir. Qanlı faciə tariximizə qara ləkə kimi düşdü. Lakin müdrik Azərbaycan xalqı bu çətin dönəmi adlamağı bacarıb”, - o deyib.
Səfir bildirib ki, bu faciəni ilk pisləyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olub: “Yanvarın 21-də Heydər Əliyev ailə üzvləri ilə birlikdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib və burada ilk dəfə Sovet rəhbərliyinə etirazlarını bildirib. O zaman bu addım çox böyük cəsarət və inam tələb edirdi. Heydər Əliyev böyük siyasətçi olaraq başa düşürdü ki, dəhşətli hadisəyə hər şeydən əvvəl siyasi qiymət verilməlidir”.
“Bu gün onunla sakitlik tapırıq ki, keçən il Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibə nəticəsində qələbə qazandı və Qarabağ torpaqlarını işğaldan azad etdi. O, bununla 20 Yanvarda azadlıq, Vətənin müstəqilliyi uğrunda şəhid olanların ruhunu şad elədi. Heydər Əliyevin arzularını oğlu İlham Əliyev reallaşdırdı. O, Üzeyir Hacıbəyovu, Natəvanı, Bülbülü Şuşaya qaytardı. O, Qarabağı Azərbaycana qaytardı. Qarabağ Azərbaycan, Şuşa da Azərbaycanın mədəniyyət paytaxtıdır”, - Polad Bülbüloğlu vurğulayıb.
Qeyd edək ki, 20 Yanvar qəhrəmanlarının xatirəsinə Azərbaycan səfirliyinin qarşısında həmçinin hər kəsin çiçək qoya biləcəyi stend də quraşdırılıb.