Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Azərbaycanın təşəbbüsü və 126 ölkənin birgə dəstəyi ilə hazırlanan "COVID-19 peyvəndlərinə ədalətli çıxış haqqında" qətnaməni qəbul edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın BMT-nin yanında Daimi Nümayəndəliyi tviterdə məlumat yayıb.
Bildirilib ki, 179 ölkə qətnamənin lehinə səs verib, 7 ölkə bitərəf qalıb. Qətnamənin əleyhinə çıxan olmayıb.
“Qoşulmama Hərəkatının sədri olan Azərbaycan COVID-19-a qarşı mübarizəyə rəhbərlik etməyə davam edir”, - tvitdə vurğulanıb.
Qeyd edək ki, səsvermədə bitərəf qalan ölkələr ABŞ, Avstraliya, Böyük Britaniya, Cənubi Koreya, Ermənistan, İsrail və Yaponiyadır.
Xatırladaq ki, 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev “peyvənd millətçiliyi”ni, varlı və kasıb ölkələr arasında peyvəndlərə əlçatanlıqla bağlı qeyri-bərabərliyi bir daha tənqid etmiş və bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunması ilə bağlı Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasında qətnamənin irəli sürüləcəyini elan etmişdi.