Neokolonializmlə bağlı Cenevrədə keçirilən beynəlxalq konfransın iştirakçıları Azərbaycanın gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası - COP29-a ev sahibliyi etmək missiyasını dəstəkləyiblər.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Cenevrə ofisində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilən “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda beynəlxalq konfransda qeyd edilib.
İştirakçılar gələn il COP 29-a ev sahibliyi etmək missiyası həvalə edilmiş Azərbaycan Respublikasını ürəkdən təbrik ediblər.
Onlar əminlik ifadə ediblər ki, Azərbaycan bu qlobal miqyaslı və planetimizin gələcəyi üçün vacib olan hadisə çərçivəsində həm qlobal istiləşmə, həm də müstəmləkəsizləşdirmə çağırışlarını nəzərə alacaq.
Qeyd edək ki, bu gün BMT-nin Cenevrə ofisində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransda ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, İsveçrə, Əlcəzair, Pakistan, Serbiya, Qətər, Seneqal, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Qvadelupa, Fransız Qvianası, Yeni Kaledoniya, Korsika, Martinika, Fransız Polineziyası, Korsika, Valis və Futuna, Solomon adalarından, İslam Əməkdaşlıq Təşkilatı və BMT-nin Qadınlara qarşı Zorakılığın Ləğv edilməsi üzrə Komitəsindən 50-yə yaxın nümayəndə, eləcə də insan hüquqları və dekolonizasiya üzrə ixtisaslaşan QHT-lərin rəhbərləri, xarici media təmsilçiləri iştirak edir.
İsveçrənin Cenevrə şəhərində BMT-nin Baş qərargahında həyata keçirilən konfrans Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 2023-cü il üzrə kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləməyə həsr olunmuş IV beynəlxalq tədbirdir.